Opera və Balet Teatrında "Qıpçaq rəqsləri" baletinin premyerası keçiriləcək

Opera və Balet Teatrında "Qıpçaq rəqsləri" baletinin premyerası keçiriləcək
# 08 fevral 2017 15:17 (UTC +04:00)

Fevralın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Aleksandr Borodinin "Qıpçaq rəqsləri" baletinin premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Qıpçaq rəqsləri"nin musiqi materialı bəstəkarın "Knyaz İqor" operasının tərkib hissəsidir. A.Borodin operanı tam olaraq bitirə bilməyib. Qıpçaq rəqsləri hissəsini isə bəstəkar 1875-ci ilin yay fəslində Moskvada istirahət edərkən qələmə alıb.

Borodinin ölümündən sonra "Knyaz İqor" operasını onun musiqi materialları əsasında rus bəstəkarları Qlazunov tamamlayıb, N.Rimski-Korsakov isə klavirin böyük hissəsini orkestr üçün işləyib. 1890-cı il oktyabrın 23-də Peterburqun Mariinski Teatrında "Knyaz İqor" operasının premyerası keçirilib. "Qıpçaq rəqsləri"nə L.İvanov tərəfindən quruluş verilib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Qıpçaq rəqsləri" baleti Sankt-Peterburqun Mixaylovski Opera və Balet teatrının xoreoqrafı, Rusiyanın əməkdar artisti Sergey Moxnaçovun quruluşunda səhnəyə qoyulub. Tamaşanın quruluşçu rəssamı Azərbaycanın xalq rəssamı Rafiz İsmayılov, dirijoru isə xalq artisti, professor Yalçın Adıgözəlovdur.

Kütləvi səhnələrlə zəngin olan tamaşada balet truppasının bütün artistləri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR