Milli Məclisdə “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinə irad bildirilib - YENİLƏNİB

Milli Məclisdə “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinə irad bildirilib - <span style="color: red;">YENİLƏNİB
# 28 oktyabr 2016 16:12 (UTC +04:00)

Milli Məclisin iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub.

APA-nın məlumatına görə, çıxış edən deputat Qüdrət Həsənquliyev bildirib ki, qanunda xarici dillərin tədrisi də əksini tapmalıdır. O qeyd edib ki, bu tədris məktəbəqədər təhsil müəssisələrindən başlamalıdır ki, uşaqlar əcnəbi dilləri bilsinlər: “Məncə, qanunda idman dərsləri də öz əksini tapmalıdır. Ancaq biz nə qədər danışsaq da, gözəl qanunlar yazsaq da, vəsait ayrılmasa, məktəbəqədər təhsil müəssisələri tikilməsə, çətin olacaq. Bu sahədə çalışan sahibkarlara, müəssisələrə ciddi vergi güzəştləri verilməlidir. Dövlət çalışmalıdır ki, göydələn tikən sahibkarlar bu zaman kompleksdə məktəbəqədər təhsil müəssisələrinin olmasına xüsusi diqqət yetirsinlər”.


Vahid Əhmədov isə deyib ki, bütün məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi üçün şərait yaradılmalıdır, lakin bu məsələ qanun layihəsində yoxdur.

Çıxış edən Elmira Axundova, Aqiyə Naxçıvanlı, Fazil Mustafa və digərləri də iradlarını bildiriblər. MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli iradların bir qismi ilə razılaşmasa da, digər qismini ikinci oxunuşda nəzərə alacaqlarını söyləyib. MM sədrinin 1-ci müavini Ziyafət Əsgərov da İ. Həbibbəyliyə çatışmazlıqların ikinci oxunuşda nəzərə alınmasını tövsiyə edib.

Sonda qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olunub.

***

saat 17.37

Milli Məclisin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, layihə barədə məlumat verən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, layihənin hazırlanmasında İsveç, Finlandiya, Ukraynanın və digər bir neçə ölkənin təcrübəsindən istifadə olunub. 5 fəsil 24 maddədən ibarət olan layihədə məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyənləşib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meylli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir. Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ məktəbəqədər təhsil müəssisələri olacaq. Qanun layihəsinə əsasən, Azərbaycanda bütün məktəbəqədər təhsil müəssisələri üçün xüsusi razılıq (lisenziya) müddətsiz veriləcək. Məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası və attestasiyası da aparılacaq. Layihədə o da bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.

Bbirinci vitse-spiker Ziyafət Əsgərov söz alaraq İ. Həbibbəyliyə irad bildirib: “İsa Həbibbəyli, qanun layihəsi barədə məlumat verdiniz. Amma burda heç yazılmayıb ki, məktəbəqədər təhsil anlayışı nə deməkdir? Layihədə bu barədə məlumat yoxdur, siz də açıqlamadınız. Müxtəlif terminlər var, amma ən lazım olan anlayışın mənası yoxdur. O zaman biz bu qanunu neyləyirik? İkinci sualım odur ki, məktəbəqədər təhsil ilə uşaq bağçasının fərqi nədir? Uşaq əlifbanı məktəbə qədər öyrənəcəksə, o zaman birinci sinifdə nə öyrənəcək? Qanunda bunların heç biri göstərilməyib və qaranlıqdır”.

Layihə barədə müzakirələr davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR