İqtisadçı: “Azərbaycan iqtisadiyyatı yeni inkişaf dövrünə qədəm qoyub”

İqtisadçı: “Azərbaycan iqtisadiyyatı yeni inkişaf dövrünə qədəm qoyub”
# 06 aprel 2018 16:10 (UTC +04:00)

“Azərbaycan iqtisadiyyatı son 5 ildə inkişafını davam etdirib. Ümumiyyətlə, 2003-cü ildən Azərbaycan iqtisadiyyatında makro və mikro artım müşahidə olunur”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı fikirlərinə münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov söyləyib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri deyib ki, 2003-cü illə müqayisədə ötən dövr ərzində Ümumi Daxili Məhsulda (ÜDM) artım qeydə alınıb. 2003-cü ildən sonra dövlət gəlirləri artıb, bu da nəticə etibarilə Azərbaycan iqtisadiyyatının böyüməsinə imkan yaradıb. Nəticədə həm dövlət büdcəsinin gəlirləri, həm də dövlətin valyuta ehtiyatları artıb: “Nəzərə alınsa ki, Azərbaycan iqtisadiyyatının 2003-cü ildən sonra artım tempini xarakterizə edən əsas göstərici ÜDM-dir, əgər 2003-cü ildə ÜDM 7,1 milyard manat idisə, 2017-ci ildə 70 milyard manata qədər yüksəlib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən ÜDM dollarla ifadədə də artıb. Rəsmi statistikaya əsasən 2003-cü ildə ÜDM 7,2 milyard dollar olubsa, 2017-ci ildə 40,7 milyard dollara qədər yüksəlib. Burada digər məqam regionlarda ÜDM-in artımı və infrastrukturun formalaşması ilə bağlıdır. 2003-cü ildən sonra regionlarda artım qeydə alınıb, rəsmi statistika da bunu göstərir. Əhalinin gəlir və xərclərinə baxsaq, rəsmi statistikaya əsasən əhalinin gəlirləri 8 milyard manatdan 49 milyard manata qədər yüksəlib. Bu da əhalinin gəlirlərinin artmasından, o cümlədən adambaşına düşən gəlirlərin artmasından xəbər verir. Eyni zamanda, əgər 2003-cü ildə dövlət büdcəsinin gəlirləri 1,2 milyard manat olubsa, 2017-ci ildə bu göstərici 16,5 milyard manata qədər yüksəlib. Xərclərdə də oxşar artım olub. Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər həyata keçirilən uğurlu siyasətin nəticəsidir”.

İqtisadçı bildirib ki, 2003-cü ildən sonrakı dövrü qiymətləndirən zaman 2014-cü ildən sonrakı postneft dövrünü xüsusi qeyd etmək lazımdır: “Bu dövrdə qeyri-neft sektoru və sahibkarlığın inkişafı ilə bağlı islahatlar həyata keçirildi. 2017-ci ilin sonunda ilk dəfə ötən illə, yəni 2016-cı illə müqayisədə qeyri-neft sektorunda artım 1,5 milyard dollardan çox oldu. Bu da 2016-cı illə müqayisədə 24 faiz arım deməkdir. Baxmayaraq ki, əvvəlki illərlə müqayisədə neftin qiyməti aşağı idi, 2017-ci ildə valyuta ehtiyatları da artım tempini qorudu. Azərbaycan iqtisadiyyatı inkişafında yeni bir dövrə qoyub. Postneft dövründə məqsəd iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafıdır. Postneft dövrünün islahatları daha inklüziv və balanslı iqtisadiyyatın qurulmasına xidmət edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR