AMB: Əmanətlərin dollarlaşma səviyyəsi 80%-ə enib

AMB: Əmanətlərin dollarlaşma səviyyəsi 80%-ə enib
# 16 fevral 2017 07:44 (UTC +04:00)

2016-sı ildə manatla pul kütləsinin dinamikası inflyasiyanın azaldılmasına yönəldilmiş makroiqtisadi siyasət tədbirləri və dollarlaşmanın ötən ilə nəzərən səngiməsi fonunda formalaşıb.

Bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

“Cari ildə inflyasiyanı artıran amilləri nəzərə alaraq pul bazasının artım kanalları pul proqramı ilə idarəetməyə götürülüb. Pul proqramına görə manatla pul bazasının artım templərini məhdudlaşdırmaq nəzərdə tutulub. Hesabat dövründə Mərkəzi Bank özünün likvidlik əməliyyatlarının aparılması zamanı məhz pul proqramına əsaslanıb. Əsas məqsəd artıq pul təklifi kanallarını tənzimləmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq və bu yolla qiymətlərin-inflyasiyanın yüksəlməsinin qarşısını almaq olub. Bununla da faktiki olaraq pul bazası pul siyasətinin başlıca əməliyyat lövbərinə çevrilib”, - deyə məlumatda vurğulanıb.

Ümumilikdə, il ərzində pul bazasının artım tempi pul proqramına uyğun olub. Hesabat dövründə manatla pul bazası 13,9% artaraq ilin sonuna 7860,5 mln. manat təşkil edib. Dövr ərzində pul bazasının artımının komponentləri olan dövriyyədə olan nağd pul kütləsi (bank sistemindən kənar nağd pul və bankların kassalarındakı nağd pul) 28,5% artıb, manatla müxbir hesablar isə 39,6% azalıb. Manatla pul kütləsinin artımı pul bazasının artımını üstələyib. İl ərzində manatla geniş pul kütləsi (M2) 33% artaraq dövrün sonuna 11546,3 mln. manat təşkil edib. Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi, fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin depozitləri fərqli dinamika nümayiş etdirib. Belə ki, dövr ərzində nağd pul kütləsi 33,5%, fiziki şəxslərin manat əmanətləri 6,8%, hüquqi şəxslərin manat depozitləri isə 20% artıb.

Manatla depozitlərin müddət strukturunda da dövr ərzində dəyişiklik baş verib. Manatla müddətli depozitlər dövr ərzində 45,2%, tələb olunanadək depozitlər isə 25,6% artıb. Hesabat dövrü ərzində geniş pul kütləsi (M3) 1,9% azalaraq 20889,6 mln. manat olub. M3 pul aqreqatının M2 pul aqreqatından fərqli olaraq azalma nümayiş etdirməsi xarici valyutada əmanət və depozitlərin azalması ilə əlaqədardır.

Hesabat dövründə bank depozitlərinin dollarlaşması səviyyəsi aşağı düşüb. Nəticədə, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəlində 59,2% olduğu halda, ilin yekunu üzrə 44,7% təşkil edib. Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ötən ilin əvvəlində 76,4% təşkil etdiyi halda ilin sonuna 64,4% təşkil edib. İl ərzində fiziki şəxslərin manatla əmanətləri 6,8% artdığı halda xarici valyutada əmanətləri 26,4% azalıb. Nəticədə, fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 85%-dən 79,6%-ə enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR