Nazir: "Hazırda 11,2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərilir"

Nazir: "Hazırda 11,2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərilir"
# 29 noyabr 2017 09:38 (UTC +04:00)

"Hazırda 1100 nəfərdən çox şəxsə sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərilir".

APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Sosial xidmət müəssisələrinin işinin təşkili: Avropa standartları və Azərbaycan təcrübəsi" mövzusunda keçirilmiş konfransda deyib.

Nazir bildirib ki, bölgələrdə sosial xidmətlərə ehtiyacların müəyyən olunması üçün sosial xəritələşmənin aparılması və sosial xidmət müəssisələri şəbəkəsinin, eləcə də sosial sifarişlər üzrə icra olunan sosial xidmət layihələrinin icrası işləri bu sahədə qarşıda duran ilkin məqsədlərdəndir.

Konfransda çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib ki, Aİ-nin Azərbaycana gəlişinin məqsədi kömək etməkdir.

O bildirib ki, Aİ-nin hər bir ölkədə əsas diqqət etdiyi sosial müdafiə sahələridir: "Azərbaycanda da bu sahədə görülmüş işlər çox təqdirəlayiqdir və bu işlərdə Avropa standartlarının tətbiqini yüksək qiymətləndirirəm. Düşünürəm ki, müasir cəmiyyətdə heç kim kənarda qalmamalı, bütün yardımlardan istifadə etməlidir. Və Azərbaycan bu sahədə artıq vacib işləri görüb".

Konfransda çıxış edən UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan deyib ki, təşkilat və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında uzun müddətdir sosial müdafiə sahəsində layihələr həyata keçirilir.

Azərbaycanda deinstitutlaşdırma prosesinin başladılmasını təqdir edən M.Yuan bildirib ki, uşaqların rifahının artırılması üçün daha çox investisiya qoyulmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR