Marneulidə Milad bayramı keçirilib

Marneulidə Milad bayramı keçirilib
# 07 yanvar 2017 15:17 (UTC +04:00)

Marneulidə Milad bayramına həsr edilən və "Alilo" adlandırılan növbəti yürüş keçirilib.

APA-nın Gürcüstan müxbiri xəbər verir ki, yürüş Marneulidəki kilsədən start götürüb. Tədbir öncə provaslav xristianların kilsədə şam yandırması və duaların oxunması, həmçinin dini ayinlərin yerinə yetirilməsi ilə başlayıb. Daha sonra Rüstəvelli küçəsi boyunca hərəkət edən yürüş iştirakçıları qarşılarına çıxan hər bir kəsi Milad bayramı münasibətilə təbrik edib.

Milad bayramı Marneuli İcra Hakimiyyətinin inzibati binasının qarşısında davam edib. Tədbirə Marneulidə yaşayan azərbaycanlılar da qatılıblar. Ənənəyə görə, burda uşaq bağçalarına və kimsəsiz uşaqlara, imkansız ailələrə paylanmaq üçün toplanan hədiyyələr, şirniyyat və yeməklər toplanıb.

Artıq üçüncü dəfə Marneulidə keçirilən Milad bayramına rayon rəhbərliyi və Gürcüstan parlamentinin deputatları, həmçinin Marneulidə yaşayan azərbaycanlılar da qatılıblar.

Yürüşdən sonra Marneuli Mədəniyyət Evində gürcü və azərbaycanlı rəqqaslardan ibarət "İnquri", "İberia" və "Xocuba" rəqs və mahnı ansamblları rəngarəng musiqi nömrələrini ifa ediblər.

Konsertin sonunda yerli gürcü din xadimi Georgi ata, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, bələdiyyə sədri Nəbi Abdullayev, Gürcüstan parlamentinin deputatı Tamaz Naveriani və başqaları Milad bayramını birlik, dostluq bayramı adlandıraraq "Alilo" bayramının iştirakçılarını təbrik edib, Gürcüstan-Azərbaycan dostluğunun daha da inkişaf etməsini arzulayıblar.

"Alilo" bayramının qeyd edilməsi V-VI əsrlərə aiddir və artıq bir neçə ildir bu adət-ənənə Gürcüstanda yenidən bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR