Dövlət İmtahan Mərkəzi təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələlər keçirəcək

Dövlət İmtahan Mərkəzi təcrübəsi az olan nəzarətçi-müəllimlər üçün seminar-məşğələlər keçirəcək
# 05 yanvar 2017 10:04 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci ildə keçiriləcək imtahanlarda nəzarətçi kimi ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan və ya nəzarətçi kimi göstəriciləri qənaətbəxş olmayan müəllimlər üçün yanvarın 10-dan etibarən seminar məşğələlər keçirəcək.

DİM-dən APA-ya verilən xəbərə görə, fevralın 1-dək davam edəcək bu seminarlar mərkəzin məsul əməkdaşları tərəfindən aparılacaq.

Seminarların respublikanın bütün şəhər və rayonlarında keçirilməsi nəzərdə tutulur və 4750-ə yaxın nəzarətçi-müəllimin bu prosesdə iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 14817 nəzarətçi müəllim haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar məşğələlər keçiriləcək.

Seminar məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir. İmtahan proseduralarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 20-25 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilir.

Seminar-məşğələlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR