Elektron sənəd formasında indiyədək 39 minə yaxın avtomobilin icbari sığorta müqaviləsi bağlanılıb

Elektron sənəd formasında indiyədək 39 minə yaxın avtomobilin icbari sığorta müqaviləsi bağlanılıb
# 18 noyabr 2016 10:21 (UTC +04:00)

2016-cı il noyabr ayının 1-dən bu günədək 38 707 ədəd avtomobillərin icbari sığorta müqaviləsi bağlanılıb və 3 mln. 125 min 12 manat məbləğində sığorta haqqı toplanıb.

İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən məlumata görə, bu sığorta haqlarının hamısı HÖP infrastrukturu üzərindən qəbul edilib.

“Bu isə öz növbəsində avtomobillərin icbari sığortasının elektron sənəd formasında bağlanılmasına keçidin uğurlu olmasının göstəricisidir. 30 sentyabr 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən Azərbaycanda fəaliyyət göstərən 31 banka və poçt xidmətinə icbari sığorta haqları üzrə ödənişlərin “Hökumət Ödəniş Portalında əməliyyatların aparılmasına dair Kollektiv Sazişə” uyğun olaraq toplanılmasının təmin edilməsi tapşırılıb və Büro tərəfindən onun iştirakçı sığorta şirkətlərinə HÖP üzərindən sığorta haqqının ödənilməsi üçün ödəniş tapşırığının hazırlanma qaydası barədə məlumat verilib”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bütün bank və poçt şöbələri, “Express Pay” ödəmə terminalları və internet vasitəsi ilə sığorta haqlarının HÖP üzərindən toplanması mümkündür. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına əsasən avtomobillərin icbari sığorta müqavilələri üzrə sığorta haqlarının toplanması yalnız HÖP sisteminə qoşulan ödəmə terminalları vasitəsi ilə həyata keçirilə bilər.

“Mərkəzi Bank tərəfindən digər banklara məxsus ödəniş terminallarının inteqrasiyası istiqamətində hazırda texniki işlər aparılır və yaxın gələcəkdə ödəmə terminallarının siyahısına digər bankların ödəmə terminalının da əlavə edilməsi gözlənilir”, - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR