"Neft Daşları" 26 illik rekordu yeniləyib

"Neft Daşları" 26 illik rekordu yeniləyib
# 21 oktyabr 2016 14:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin sentyabr ayında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft-qazçıxarma İdarəsində (NQÇİ) gündəlik orta neft hasilatı ən yüksək həddə - 2800 tona çatıb.


"APA-Economics" xəbər verir ki, NQÇİ hasilatın nəinki stabilləşdirilməsinə, hətta neft və qaz hasilatının artırılmasını nəzərdə tutan, birlik tərəfindən hazırlanmış proqramın uğurlu icrası ilə 1990-cı ildən bəri rekord hasilat göstəricisinə nail olub.

Xatırladaq ki, 2010-cu ildə orta gündəlik neft hasilatı 2478 ton, 2011-ci ildə 2 537 ton, 2012-ci ildə 2539 ton, 2013-cü ildə 2526 ton, 2014-cü ildə 2575 ton, 2015-ci ildə 2 579 ton təşkil edirsə, bu rəqəm bu ilin sentyabr ayından etibarən 2 800 tona çatdırılıb.

Bu ilin 9 ayında neft hasilatı 743 981 tona olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 35 753 ton çox neft hasil edilib. İllər üzrə artım dinamikasından da göründüyü kimi, “Neft Daşları” NQÇİ-nin kollektivi hər il neft hasilatının artımına nail olublar. Hasilatın artmasının başlıca amillərindən biri quyu fondunun yenilənməsi, davamlı olaraq yeni quyuların qazılaraq istismara verilməsi olub. Belə ki, 2011-ci ildə qazmadan 17 quyu, 2012-ci ildə 9 quyu, 2013-cü ildə 10 quyu, 2014-cü ildə 18 quyu istismara daxil edilib. Bu ilin 9 ayında isə qazmadan istismara 15 quyu daxil edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 quyu çox alınıb.

Hasilatın artımına əsas təsiredici amillərdən biri də idarənin balansında - ikı quyu fondu üzərində aparılan əməliyyatların təsiri nəticəsində hasilatın qismən sabit saxlanılması olub. İstismarda olan quyularda neft hasilatını sabit saxlamaq məqsədi ilə son 3 il ərzində çoxsaylı geoloji-texniki tədbirlər aparılıb və onlardan müsbət nəticələr alınıb. Bunun nəticəsidir ki, keçici quyu fondundan 2011-ci ildə 867 457 ton, 2012-ci ildə 886 445 ton, 2013-cü ildə 886 241 ton, 2014-cü ildə 878 471 ton və 2015-ci ildə isə 880 148 ton neft alınıb. Bu ilin 9 ayında isə keçici quyu fondundan 707 597 ton neft alınıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 34176 ton çoxdur.

Ümumiyyətlə, NQÇİ-nin neft hasilatının artmasına təsir edən başlıca amil qazmadan alınan neftin miqdarı olub. Belə ki, 2011-ci ildə 46943 ton, 2012-ci ildə 25732 ton, 2013-cü ildə 23224 ton, 2014-cü ildə 51449 ton və 2015-ci ildə isə 47127 ton neft hasil edilib. Bu ilin 9 ayında isə bu rəqəm 30769 ton olub.

Ümumiyyətlə, orta hesabla qazmadan istismara daxil olmuş quyulardan alınan neft NQÇİ-nin neft hasilatının 4,1%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR