Azərbaycanlılar Brüsseldə kütləvi aksiya keçirib

Azərbaycanlılar Brüsseldə kütləvi aksiya keçirib
# 09 aprel 2018 09:07 (UTC +04:00)

Brüssel şəhərində, Azərbaycan səfirliyinin binası qarşısında Belçika Krallığında və ətraf ölkələrdə yaşayan azərbaycanlıların aksiyası keçirilib.

APA-nın məlumatına görə, Avropa Azərbaycanlıları Konqresinin (AAK) Benilüks Azərbaycanlıları Konqresi (BAK) ilə birgə təşkil etdiyi aksiyada məqsəd Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı həmrəylik nümayiş etdirmək olub.

Mitinqdə AAK prezidenti Sahil Qasımov, BAK vitse-prezidenti Elsevər Məmmədov və digər azərbaycanlılar Avropada yaşayan həmvətənlərinin öz tarixi vətənlərinin milli maraqlarını hər zaman müdafiə etdiklərini vurğulayıblar. Bildirilib ki, Azərbaycanın əldə etdiyi uğurlar, artan iqtisadi və hərbi gücü, yüksələn beynəlxalq nüfuzu hər bir azərbaycanlıda qürur hissi doğurur.

Aksiyada “Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!”, “Vətəndən kənarda Vətənin adını uca tutun!”, “Azərbaycan Suriya deyil, olmayacaq da!”, “Bizim gücümüz birliyimizdədir!" kimi şüarlar səsləndirilib. Səfirlikdə 11 aprel prezident seçkiləri ilə bağlı təşkil olunan məntəqə seçki komissiyasında keçirilən görüş zamanı S. Qasımov bildirib ki, Avropadakı azərbaycanlılar azərbaycançılıq ideyası ətrafında sıx birləşərək, xalqımızın və dövlətimizin mənafeləri qorumaq üçün həmrəylik nümayiş etdirir: “Biz, aksiya iştirakçıları, bəzi anti-azərbaycan qrupların ölkənin imicini ləkələməyə istiqamətlənmiş fəaliyyətini pisləyirik. Bir qrup vətənpərvərlik hisslərindən məhrum şəxsin heç bir etik çərçivə gözləmədən dövlətin ünvanına söylədiyi təhqirləri milli-mənəvi dəyərlərimizə laqeydliyin təzahürü kimi qiymətləndirən soydaşlarımız bu insanların azərbaycanlılar adından danışmaq haqqı olmadığını bildirirlər”.

Aksiya iştirakçıları səfirliyə müraciət edərək bildiriblər ki, Belçikada yaşayan azərbaycanlılar Azərbaycanın maraqlarına xidmət edən bütün siyasi proseslərdə diplomatların yanındadırlar və diasporla diplomatiyanın birgə fəaliyyətinin daha sıx davam etdirilməsinə hazırdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR