Gənclər Fondu Müşahidə Şurasının növbəti iclası keçirilib

Gənclər Fondu Müşahidə Şurasının növbəti iclası keçirilib
# 28 dekabr 2016 14:47 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 19-cu iclası keçirilib.

Gənclər Fondundan APA-ya verilən məlumata görə, Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov bildirib ki, iclasın gündəliyinə Fondun 2016-cı ildəki fəaliyyətinə dair hesabata rəy verilməsi, 2017-ci ildə elan ediləcək qrant müsabiqələrinin istiqamətlərinin müəyyənləşdirilməsi və digər məsələlərin daxil edilməsi təklif olunur.

Gündəlik təsdiq edildikdən sonra, Fondun icraçı direktoru Fərhad Hacıyev qurumun 2016-cı ildə gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, ötən il ərzində gənclər təşkilatları və 16-29 yaşlı fiziki şəxslər üçün 2 qrant müsabiqəsi təşkil olunmuş, ümumilikdə 1008 layihə maliyyələşdirilib. Onların reallaşdırılması üçün Fond tərəfindən 4 859 300 manat vəsait ayrılıb. Dəstəklənmiş təşəbbüslər arasında yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, peşə bacarıqlarının inkişaf etdirilməsi, kiçik biznes quruculuğunda və kənd təsərrüfatının inkişafında rolunun artırılması, ətraf mühitin qorunması, sağlam həyat tərzinin təbliği, incəsənət sahələri üzrə müsabiqə və sərgilərin təşkili, istedadlı gənclərin ixtiralarının və innovativ ideyalarının stimullaşdırılması, region gənclərinin ictimai fəallığının artırılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın gənclər təşkilatlarının beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının inkişaf etdirilməsi kimi istiqamətlər üstünlük təşkil edib.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, hesabat ili ərzində müsabiqə mövzuları sırasına Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə bağlı təşəbbüslər də daxil edilib. 8-ci və 9-cü qrant müsabiqələri çərçivəsində gənclər təşkilatlarının Gəncə şəhərində keçirilməsi planlaşdırılan 33 yerli və 9 beynəlxalq, fiziki şəxslərin isə 59 layihəsinə dəstək verilib, onların icrası üçün 686.100 manat vəsait ayrılıb. İl ərzində Fondun fəaliyyətinə maraq artıb, müraciət edənlərin sayı çoxalıb.

2016-cı il ərzində layihələrin icra olunduğu şəhər və rayonlarda Fondun aparatı tərəfindən monitorinqlər keçirilib, aşkar edilən nöqsanlarla bağlı qeydlər aparılıb və resipiyentlərin yekun hesabatlarının qəbulu zamanı nəzərə alınıb.

Təqdim olunmuş hesabatda 95 gəncin dünyanın 33 ölkəsində keçirilmiş simpozium, konfrans, seminar, müsabiqə, olimpiada, festival və digər tədbirlərdə iştirakına maliyyə dəstəyinin verildiyi diqqətə çatdırılmış, Azərbaycan həqiqətlərinin daha geniş auditoriyalarda təbliği baxımından həmin səfərlərin əhəmiyyəti vurğulanıb.

Müşahidə Şurasının üzvləri Fondun 2016-cı ildəki fəaliyyətinə dair hesabatı ilə bağlı fikir və təkliflərini səsləndirib, sənədə bütövlükdə müsbət rəy verilməsini məqsədəuyğun sayıblar.

Təkliflər nəzərə alınmaqla hesabatın təkmilləşdirilməsi və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tövsiyə olunub.

Fondun aparat rəhbəri Faiq Qürbətov 2017-ci ildə elan ediləcək qrant müsabiqələrinin istiqamətləri ilə bağlı təkliflər barədə məlumat verib.

İclasda 2017-ci ilin ilk rübündə Müşahidə Şurasına seçkilərin təşkil ediləcəyi barədə məlumat verilib.

Müşahidə Şurası üzvlüyünə namizədlərin irəli sürülməsi üçün 2017-ci ilin fevral ayında gənclər təşkilatlarının toplantısının keçirilməsi barədə qərar qəbul olunub.

Gündəlikdəki məsələlərlə bağlı müzakirələrdə Müşahidə Şurasının üzvləri – gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Cavid Məmmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev, Gənclər Təşkilatları Milli Şurasının təmsilçisi Şahin Seyidzadə, Fondun aparatının rəhbəri Faiq Qürbətov və baş mühasibi Elmar Talıblı iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR