Abaşidze: “Gürcüstan Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb”

Abaşidze: “Gürcüstan Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb”
# 05 avqust 2015 08:38 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Gürcüstan Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulmaq üçün yeni qərarlar qəbul etməyib”.

APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə açıqlamasında Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin tənzimlənməsi məsələləri üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.

“Biz bir həftə öncə izahat vermişik. Ukrayna hadisələri ilə bağlı Avropa İttifaqı tərəfindən 15 sanksiya qəbul edilib. Gürcüstan ötən il bu sanksiyalardan birinə - Krım və Sevastopoldan məhsulların ixracına məhdudiyyət qoyulması qərarına qoşulub. Bu qərar isə avtomatik olaraq iyulun 19-dək uzadılıb. Buna görə də təkrar edirəm ki, Gürcüstan yeni qərar qəbul etməyib”, - deyə Z. Abaşidze bildirib.

Qeyd edək ki, Avropa İttifaqı Xarici İşlər Nazirlərinin iyunun 22-də keçirilən toplantısında Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətinin 2016-cı ilin yanvarın 31-dək uzadılması barədə qərar qəbul edilib. Qərar 23 iyundan qüvvəyə minib. Bu qərara Avropa İttifaqına namizəd ölkələr - Çernoqoriya, Albaniya, İslandiya, Lixtenşteyn, Norveç və Ukrayna qoşulub. Daha əvvəl isə Gürcüstan da daxil olmaqla, adıçəkilən ölkələrin Krım və Sevastopola tətbiq olunan iqtisadi sanksiyaların uzadılması qərarına qoşulması barədə məlumatlar yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR