Cari ildə Bakı Limanında yükaşırmanın həcmi artıb

Cari ildə Bakı Limanında yükaşırmanın həcmi artıb
# 24 oktyabr 2016 16:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Cari ilin 9 ayı ərzində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də (Bakı Limanı) göstərilən bütün xidmətlər üzrə artım müşahidə olunub.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, ən böyük artım iri həcmli nəqliyyat vasitələrində (TIR), o cümlədən qoşqu və digər avtotexnikanın daşınması üzrə qeydə alınıb.

Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3,2 dəfə artıb və əksər hallarda yükün son ünvanı Qazaxıstan və Türkmənistan olub.

Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 41% artaraq 3,25 mln. tona çatıb. Ümumi yükaşırmanın 86,8%-i tranzit yükaşırmanın payına düşüb. Yük dövriyyəsinin artması ilə gəmi yanalmalarının sayı da 82% artıb.

Son doqquz ayda Bakı Limanı vasitəsilə 16 255 ədəd iri həcmli nəqliyyat vasitələri və digər avtotexnikanın aşırılması həyata keçirilib. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 110 ədəd artım deməkdir. Bunların 9 323 ədədi (57,4%) Bakı-Aktau-Bakı istiqamətində, 6 932 ədədi (42,6%) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.

2015-ci ilin doqquz ayı ilə müqayisədə TEU ekvivalentində konteynerlərin aşırılması 73% artaraq 13 859 TEU təşkil edib. Neft və neft məhsullarının aşırılması isə 79,8% artaraq 1,24 mln. ton olub. Ələt qəsəbəsində yerləşən yeni bərə terminalında vaqon aşırılması 13% artaraq 25 582 ədədə çatıb. Bunlardan 7 240 vaqon (28%) Bakı-Aktau-Bakı istiqamətində, 18 342 (72%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə sərnişin daşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 17011 nəfər olub.

Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 2016-ci ilin son doqquz ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 7% artaraq 324 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və tikinti malların idxalının payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR