Komitə: Sabunçu rayonunda 25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikintinin qarşısı alınıb

Komitə: Sabunçu rayonunda 25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikintinin qarşısı alınıb
# 02 mart 2017 10:12 (UTC +04:00)

Komitədən “APA-Economics”ə verilən məlumata görə, bu monitorinqi komitə müvafiq rayon icra hakimiyyətləri, bələdiyyələr və rayon polis şöbələri ilə birgə keçirib. Monitorinqlər nəticəsində Sabunçu rayonu ərazisində dövlət mülkiyyətində olan 25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq özbaşına tikinti aparılması halları aşkarlanıb və qarşısı alınıb: “Məlum olub ki, Ramana qəsəbəsində müxtəlif şəxslər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi-yaşayış və müxtəlif məqsədli tikinti işləri aparılıb. Maştağa qəsəbəsində vətəndaşların icarəsinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş torpaqlarda təyinatına zidd olaraq böyük ərazilərin özbaşına hasara alınması və obyektlərin inşasının qarşısı alınıb. Belə hallara Abşeron rayonunun istifadəsində olan Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində də yol verilməklə torpaqların kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq aparılan qanunsuz tikinti işləri dayandırılıb. Bu hallarla kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan torpaq sahələrinin istifadəsi ilə bağlı torpaq qanunvericiliyinin tələbləri kobud şəkildə pozulub”.

Qeydə alınan pozuntu halları ilə əlaqədar tədbirlər görülüb, cərimələr və sanksiyalar barədə inzibati protokollar tərtib edilmiş və bildirişlər verilmişdir. Belə ki, yol verilmiş pozuntu işləri ilə bağlı 7 şəxs barəsində torpağın münbit qatının korlanaraq qeyri qanuni tikinti işlərinin aparılmasına görə inzibati protokol tərtib edilib. Eyni zamanda, 10 şəxsə torpaq üzərində heç bir hüquqi sənəd olmadan hasara alma halının aradan qaldırılması, 5 şəxsə isə əraziyə tökülmüş tikinti materiallarının yığışdırılması barədə xəbərdarlıqlar edilərək müvafiq bildirişlər verilib.

Komitədən bildirilib ki, aparılan monitorinqlər zamanı bir sıra hallarda vətəndaşlar, ayrı-ayrı hüquqi şəxslər tərəfindən onlara məxsus mülkiyyətin ətrafındakı torpaqların zəbt edilməsi və qeyri-qanuni hasarlanması hallarına rast gəlinib: “Bu isə öz növbəsində həm vətəndaşın, həm də dövlətin mülkiyyət mənafelərinin səmərəli qorunmasına maneələr yaradır. Monitorinqlər zamanı kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin, sahibkarlıq və digər təyinatlı obyektlərin tikintisi hallarına da rast gəlinir. Bu hallar kommunikasiyaların istismarı zamanı çətinliklər yaratmaqla yanaşı, vətəndaşların həyatı üçün də ciddi təhlükə mənbəyidir”.

Qeyd edək ki, ölkədə torpaqlardan təyinatsız istifadə, torpaq üzərində mülkiyyət, icarə və istifadə hüquqlarının pozulması, torpaqların özbaşına zəbt edilməsi və sair pozuntulara qarşı cəzalar sərtləşdirilib. “Bəzi pozuntulara görə isə, inzibati tədbirlərlə yanaşı cinayət məsuliyyəti də nəzərdə tutulub. Bu tədbirlər nəticəsində respublikada torpaq sahələrinin istifadəsiz saxlanması, müxtəlif ərazilərdə, xüsusilə paytaxt rayonlarında özbaşına zəbtetmə, eləcə də mühafizə zolaqlarında tikintilərin aparılması halları aradan qaldırılır. Belə torpaqlarda təyinatına zidd olaraq və bəzən heç bir sənəd olmadan müxtəlif məqsədli tikintilərin aparılmasının və torpaqların üst münbit qatının korlanmasının qarşısı alınır. İstifadəsiz torpaqların dövlət mülkiyyətinə geri qaytarılması və yenidən iqtisadi dövriyyəyə buraxılması istiqamətində də proses davam etdirilir. Nəticə etibarilə dövlət və vətəndaş mənafeyi baxımından torpaqdan düzgün istifadə büdcəyə daxilolmaların artmasına gətirib çıxarır. Eyni zamanda, torpaqdan qanunauyğun şəkildə istifadə respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində fermerlərin, torpaq sahibləri və istifadəçilərinin sosial rifahına da müsbət təsir göstərir və məşğulluq səviyyəsini artırır”, - deyə məlumatda vurğulanıb.

Komitə tərəfindən qarşıdakı dövrdə də torpaqlardan qeyri-qanuni və səmərəsiz istifadəsi ilə bağlı monitorinqlər davam etdiriləcək: “Bu sahədə baş vermiş qanun pozuntularına qarşı hüquqi müstəvidə sərt tədbirlərin görülməsi təmin ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR