Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində (KGNSXDX) “2021-ci il ərzində görülmüş işlərin təhlili və növbəti ildə qarşıda duran vəzifələr” mövzusunda toplantı keçirilib.
FHN-dən APA-ya verilən məlumata görə, toplantıda Xidmətin rəhbərliyi, aidiyyəti vəzifəli şəxsləri, o cümlədən dalğıc-axtarış qrupları və sularda xilasetmə məntəqələrinin, eləcə də regional şöbələrin məsul əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan KGNSXDX-nin rəisi, daxili xidmət general-mayoru Rüfət Fəradov 2021-ci il ərzində Azərbaycan Respublikasının daxili dəniz və ərazi sularında kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı, su obyektlərində baş vermiş suda boğulma hadisələri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verib, gələcək planlardan danışıb.
Daha sonra KGNSXDX-nin məsul əməkdaşları 2021-ci ildə xidmətin təşkili, kiçikhəcmli gəmilərin dövlət qeydiyyatına alınması, kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün bazaların, yanalma körpülərinin texniki baxışdan keçirilməsi, əhali arasında maarifləndirmə işinin aparılması, çimərliklərdə təhlükəsizlik məsələləri ilə bağlı hesabat xarakterli çıxışlar ediblər.
Sonda Xidmət rəisi R.Fəradov növbəti ildə insanların sularda təhlükəsizliyi, kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı və axtarış-xilasetmə tədbirlərinin daha da səmərəli təşkil olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.