Ali məktəblərdə loqopediya-defektologiya ixtisasının yaradılması təklif edilib

Ali məktəblərdə loqopediya-defektologiya ixtisasının yaradılması təklif edilib
# 06 aprel 2017 10:23 (UTC +04:00)

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında ali məktəblərdə loqopediya-defektologiya ilə bağlı mərkəzlərin, ixtisasların yaradılması təklif edilib. APA-nın məlumatına görə, bunu deputat Bəxtiyar Əliyev təklif edib.

Deputat qeyd edib ki, vaxtilə sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsili ilə bağlı qəbul edilən qanunda defektoloq-loqopedik mərkəzlərin, komissiyaların yaradılması nəzərdə tutulmuşdu: “Həmin vaxtdan 15-20 il keçsə də, onların heç biri həyata keçirilməyib. Defektologiya pedaqogikanın bir hissəsidir və bütün dünyada da belə qəbul olunub. Loqopediya da onun içərisindədir. Onlar fiziki, psixi qüsurları olan uşaqlarla məşğul olurlar. Bu gün Nazirlər Kabinetinin təsdiq etdiyi dövlət standartlarında da loqopediya-defektologiya müəllimlik peşə ixtisasına aiddir və pedaqoji universitetlərdə bu ixtisasla bağlı dövlət standartları qəbul edilib. Loqopediya mürəkkəb sahədir. Bütün dünyada nitq qüsurlarının aradan qaldırılmasına diqqət göstərilir. Çünki, təfəkkürün inkişafı nitqdən asılıdır. Nitqdə qüsur varsa, yaradıcı, müstəqil təfəkkürün inkişafına nail olmaq mümkün deyil. Loqopediya-defektologiya ilə bağlı ali məktəblərdə ixtisaslar açıla, bununla bağlı Nazirlər Kabinetinə təkliflər verilə bilər. Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri sözügedən fakültənin açılması ilə bağlı məsələyə baxa bilərlər”.

Komitə sədri İsa Həbibbəyli də təklifi dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR