Tovuzda 3 istiqamət üzrə 11 km avtomobil yolu yenidən qurulub

Tovuzda 3 istiqamət üzrə 11 km avtomobil yolu yenidən qurulub
# 11 yanvar 2018 07:42 (UTC +04:00)

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Tovuz rayonunda strateji əhəmiyyətə malik 3 istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri yekunlaşdırılıb.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, Ağdam, Yuxarı Öysüzlü, Əlibəyli və Hacalı kəndlərinə gedən avtomobil yollarından təmir işləri bitib.

Tovuz-Ağdam-Yuxarı Öysüzlü-Əlibəyli-Hacalı avtomobil yolunun ümumi uzunluğu 11 km təşkil edir. Layihə üzrə yol 4 və 5-ci texniki dərəcələrə uyğun olaraq yenidən qurulub. Tovuz-Ağdam və Əlibəyli-Hacalı kəndlərini birləşdirən yolların ümumi eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Ağdam-Yuxarı Öysüzlü kəndlərini birləşdirən yolun hərəkət hissəsinin eni 4,5 metr və hər bir istiqamət üzrə 1,75 metr enində çiyinlər olmaqla ümumi eni 8 metr təşkil edir. Əvəllər torpaq və çınqıl örtüklü olan yollarla vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Vətəndaşların üzləşdikləri bu problemi aradan qaldırmaq üçün “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində zəruri olan yerlərdə yolun yararsız quruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb, yeni yol yatağı və yol əsası inşa olunub. Daha sonra yolun 60 min kvadratmetrdən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Layihə çərçivəsində “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Ağdam-Yuxarı Öysüzlü kəndləri arasında Tovuz çayı üzərində yeni avtomobil körpüsü də inşa edilib. Körpünün ümumi uzunluğu 45 metr, eni isə 4,5 metr təşkil edir. Sözügedən ərazidə körpünün tikintisi ilə rayon mərkəzinə məsafə dəfələrlə qısalıb. Körpünün yaxınlığında 50 metr uzunluğunda və 4 metr hündürlükdə istinad divarları da inşa edilib.

Bundan başqa, layihə çərçivəsində yolun altından suların ötürülməsi üçün 29 ədəd müxtəlif ölçülü dəmir-beton boruların tikintisi işləri aparılıb. Yolda hərəkətin normal təşkili üçün 46 ədəd məlumatverici lövhə və yol nişanı quraşdırılıb.

Qeyd edək ki, Tovuz-Ağdam-Yuxarı Öysüzlü-Əlibəyli-Hacalı avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsinin minlərlə əhalisinin gediş-gəlişini rahatlaşıb, yük və sərnişin daşınması xeyli asanlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR