Səlim Müslümov Qobustanda özünüməşğulluq proqramı iştirakçıları ilə görüşüb

Səlim Müslümov Qobustanda özünüməşğulluq proqramı iştirakçıları ilə görüşüb
# 21 oktyabr 2016 13:39 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Qobustan rayonunda vətəndaşların fərdi qəbulunu keçirən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov rayonda özünüməşğulluq proqramı üzrə həyata keçirilən təlim prosesi ilə də tanış olub, təlimə cəlb edilmiş sakinlərlə görüşüb.


Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, S. Müslümov "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" sərəncamın ilk dəfə olaraq ölkəmizdə dövlət səviyyəsində özünüməşğulluq proqramının həyata keçirilməsinə əsas yaratdığını vurğulayıb: "Sərəncamın icrası istiqamətində məqsədyönlü işlər görülür. Özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən işaxtaran və işsiz vətəndaşların şəxsi biznesin qurulması ilə bağlı zəruri bilik və bacarıqlara malik olmaları məqsədilə hazırda iki aylıq təlim kursları aparılır. Bu təlim kursları Beynəlxalq Əmək Təşkilatının (BƏT) təqdim etdiyi təlim proqramları əsasında və BƏT-in baş təlimçisinin iştirakı ilə hazırlanaraq sertifikatla təmin olunmuş təlimçilər tərəfindən həyata keçirilir".

Nazir bildirib ki, işaxtaran və işsiz vətəndaşlar üçün özünüməşğulluq üzrə təşkil olunmuş təlim kurslarından bir hissəsi artıq növbəti ayın ilk günlərində yekunlaşacaq: "Həmin kursları bitirən şəxslər özünüməşğulluq fəaliyyəti üçün seçdikləri fəaliyyət sahələri üzrə hazırladıqları biznes-planları keçiriləcək imtahanlarda müdafiə etməlidirlər. İmtahanlar zamanı uğurlu biznes-planlara sahib olan vətəndaşlar müəyyən ediləcək, onların özünüməşğulluq fəaliyyətinin mal və materiallar formasında dəstəklənməsi üçün tədbirlər görüləcək. Özünüməşğulluq fəaliyyəti qurduqdan sonra da onlara biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlərin verilməsi təmin ediləcək. Yəni bütün səylər ona yönələcək ki, onlar öz ailələri üçün uğurlu biznes qura bilsinlər".

S. Müslümov Qobustan rayonu üzrə də özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən işaxtaran və işsiz vətəndaşlar üçün cari il oktyabrın 2-dən təlim kursuna başlanıldığını bildirib. Bu kursda hazırda 6 nəfər rayon sakini aidiyyəti bilik və bacarıqlara yiyələnir. Nazir təlim kursunun iştirakçılarının aparılan təlim prosesi, gələcəkdə hansı sahələrdə biznes qurmaq fikrində olduqları ilə maraqlanıb. İştirakçılar təlim prosesindən razı qaldıqlarını, burada biznesin təşkili ilə bağlı zəruri bilik və bacarıqlara yiyələndiklərini, özünüməşğulluq fəaliyyəti göstərmək istədikləri sahələri (maldarlıq, plastik qapı-pəncərə hazırlanması, qaynaqçılıq və s.) qeyd ediblər.

Təlim kursunda olan sakinlər gələcəkdə dövlətin dəstəyindən layiqli şəkildə faydalanaraq, uğurlu ailə bizneslərini qurmaq əzmində olduqlarını, bunun üçün səylərini daim artıracaqlarını vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR