İnsan alverindən zərərçəkmiş haqqında məlumat yayanların cərimələri artırılır

İnsan alverindən zərərçəkmiş haqqında məlumat yayanların cərimələri artırılır
# 30 mart 2017 16:41 (UTC +04:00)

Azərbaycanda insan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma ilə əlaqədar tətbiq edilən cərimələrin miqdarı artırılır.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsində müzakirə edilərək Milli Məclisə tövsiyə olunan Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsində əksini tapıb.

Cinayət Məcəlləsinə əsasən insan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları qanunsuz toplama, yaxud qəsdən yayma 100 manatdan 500 manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Layihədə bu halda insan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları qanunsuz toplama, yaxud qəsdən yaymanın yüz manatdan 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırma təklif edilir.

Hazırda qüvvədə olan qanuna əsasən eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Layihədə bu halda 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR