İcma: Qərb ölkələri, Aİ, BMT və BQXK nümayəndələrinin Bakıda Qaçqınlar Gününə dair tədbirə qatılmaması anlaşılmazlıq yaradır

Hikmət Babaoğlu,  Milli Məclisin deputatı

© APA | Hikmət Babaoğlu, Milli Məclisin deputatı

# 23 iyun 2023 11:25 (UTC +04:00)

“İyunun 20-də Qərbi Azərbaycan İcması (QAİ) tərəfindən Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanda akkreditə olunmuş bir çox xarici ölkələrin diplomatik missiyaları və beynəlxalq təşkilatların nümayəndəlikləri iştirak edib. Azərbaycan qaçqınlarına göstərilmiş həmrəyliyə görə həmin ölkələrə və beynəlxalq təşkilatlara minnətdarlığımızı ifadə edirik”.

Bunu APA-ya açıqlamasında Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, tədbirdə bir sıra Qərb ölkələri və beynəlxalq təşkilatların, ələlxüsus ABŞ, Avropa İttifaqına üzv olan dövlətlərin əksəriyyətinin diplomatik missiyalarının, Aİ-nin Bakıdakı nümayəndəliyi, BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) və digərlərin nümayəndələrinin iştirak etməməsi isə təəssüf və məyusluq hissi oyadır: “Humanitar xarakterli tədbirin siyasiləşdirilməsi qəbuledilməzdir. Özlərini “insan hüquqlarını müdafiə edən ölkələr” hesab edənlər tərəfindən bu cür ikili standartlı davranış qəbuledilməzdir. Yeri gəldi-gəlmədi Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini qabardan bu ölkələr bəs Qərbi azərbaycanlılarının hüquqlarını inkar edirlər? Bu “Əhali yoxdursa problem də yoxdur” yanaşmasına dəstək deyilmi? Bu Qərbi azərbaycanlıların deportasiyasına sanki bəyənilməsi anlamına gəlmirmi? Doğma torpaqlarına qayıdışa dialoq yolu ilə nail olmaqda əzmli olan, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, həmçinin sülh, barışıq, reinteqrasiya və birgəyaşayış dəyərlərinə hörmətə çağırış edən, fəaliyyətini humanitar və insan hüquqlarına əsaslanan gündəlik üzərində quran QAİ-nin tədbirində iştirak etməmək Azərbaycan ictimaiyyətində anlaşılmazlıq yaradır. Qərbi Azərbaycan icması Qarabağda yaşayan və hələ də Azərbaycan cəmiyyətinə inteqrasiya etməkdən imtina edən, Azərbaycanın qanunlarını tanımayan və onun təklif etdiyi təhlükəsizlik təminatından imtina edən ermənilərdən fərqli olaraq bəribaşdan Ermənistanın qanunlarını qəbil edən, erməni cəmiyyətinə inteqrasiya olunmağa hazır olduğunu bildirən və Ermənistan Konstitusiyasına uyğun olaraq təhlükəsizlik təminatı istəyən icma kimi çıxış edir. QAİ hesab edir ki, məhz belə mövqe Ermənistan və Azərbaycan arasında mümkün sülhə xidmət edər və qarşılıqlı etimad mühiti yarada bilər .Ancaq təəssüf ki, yuxarıda adını çəkdiyimiz təşkilatlar bütün bunları görməzdən gəlməklə QAİ-nin tədbirində iştirakdan imtina etməklə əslində sülhə xidmət edən mövqedən imtina etmiş olurlar. Adını qadınlara qarşı zorakılıq, gender bərabərliyi qoyub amma əslində şübhəli fəaliyyət həyata keçirən BMT-nin İnkişaf Proqramı və ya 30 il ərzində azərbaycanlı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı heç bir iş görməyən, 2022-ci ilin dekabrından etibarən işi-gücü ancaq erməniləri turist kimi Qarabağdan Ermənistana və əksinə gəzdirən BQXK-nın bu tədbirə qatılmamasının səbəbi nədir?”

Qərbi Azərbaycan İcmasının sədr müavini qeyd edib ki, Azərbaycan artıq 1990-cı illərin əvvəlindəki humanitar yardım alan ölkə deyil: “Azərbaycan özü donor ölkəyə çevrilib. Beynəlxalq təşkilatların ölkəmizdəki fəaliyyəti Azərbaycanın hazırkı ehtiyac və prioritetlərinə uyğunlaşdırılmalıdır. Yeni dönəmdə ölkəmizdəki fəaliyyətləri maraqlarımıza tam uyğun olmayan bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığımızı yenidən nəzərdən keçirməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR