Penitensiar xidmət: 17 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan beş  məhkum qanuna tabe olmayaraq özlərinə xəsarət yetiriblər

Penitensiar xidmət: 17 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan beş  məhkum qanuna tabe olmayaraq özlərinə xəsarət yetiriblər
# 14 noyabr 2013 15:31 (UTC +04:00)

Bakı-APA. Noyabrın 13-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyində olan 17 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan beş nəfər məhkum müəssisə rəhbərliyi qarşısında qanuna zidd tələblər irəli sürüblər. Penitensiar xidmətin əməliyyat qrupu dərhal çəzaçəkmə müəssisəsinə yollanıb və müəssisə rəhbərliyi ilə birgə məhkumlara hüquq və vəzifələri yenidən geniş izah edilib və onlardan daxili intizam qaydalarına riayət olunması tələb olunub”.

Bu barədə APA-ya Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda bildirilib.

Məlumata görə, həmin 5 məhkum onlarla aparılmış söhbətlərdən nəticə çıxarmayıb, qanuna zidd tələblərindən dönməyib, müəssisə əməkdaşlarına təzyiq vasitəsi kimi istifadələrində olan üz qırxılması üçün nəzərdə tutulmuş birdəfəlik ülgüclərlə özlərinə yüngül bədən xəsarəti yetiriblər: “Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həmin məhkumlara ilkin tibbi yardım göstərilib və onlar digər məhkumlardan təcrid ediliblər. 17 saylı cəzaçəkmə müəssisəsində şərait sabitdir”.

Penitensiar xidmət bildirir ki, gələcəkdə də daxili intizam qaydalarına zidd, habelə cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin pozulmasına yönələn hərəkətlərin qarşısı qətiyyətlə alınacaq.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR