Azərbaycanda hərbi qulluqçuların istifadə olunmamış məzuniyyətinin əvəzində pul kompensasiyası ödənilir

Azərbaycanda hərbi qulluqçuların istifadə olunmamış məzuniyyətinin əvəzində pul kompensasiyası ödənilir
# 30 iyun 2014 14:53 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Hərbi qulluqçuların statusu haqqında" qanuna və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında" prezidentin 2010-cu il 10 iyun tarixli 281 nömrəli Fərmanına və Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 nömrəli "Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyasının ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə" qərarına əsasən kompensasiyanın ödənilməsi üçün əlavə maliyyə vəsaiti və sənədləşməyə çox vaxt tələb olunduğundan, Müdafiə Nazirliyində bu işlər mərhələli şəkildə aparılır.

«Hazırda müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyası ödənilir. Bundan sonra digər hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların kompensasiyasının ödənilməsi nəzərdə tutulur», - deyə məlumatda bildirilib.

Qanun qüvvəyə mindiyi 2010-cu il 12 iyun tarixindən sonra ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara pul kompensasiyası müvafiq komissiyalar tərəfindən sənədləşmə və protokol işləri başa çatdırıldıqca müəyyən olunmuş qaydada ödəniləcək.

Konstitusiya Məhkəməsinin 2014-cü il 28 mart tarixli qərarına uyğun olaraq 2010-cu il iyunun 12-dək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi haqqında Nazirlər Kabinetinin qərarı qəbul edildikdən sonra həmin kateqoriyadan olan hərbi qulluqçulara ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR