Putin və Ərdoğan Qəzzadakı vəziyyətlə bağlı fəaliyyətlərini əlaqələndirmək qərarına gəliblər

Putin və Ərdoğan Qəzzadakı vəziyyətlə bağlı fəaliyyətlərini əlaqələndirmək qərarına gəliblər
# 17 noyabr 2012 01:49 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin və Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Bu barədə APA Rusiya prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir. Məlumata əsasən tərəflər Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər və bu istiqamətdə fəaliyyətlərini əlaqələndirmək qərarına gəliblər.

«Əsas diqqət Qəzza zolağı ətrafındakı vəziyyətin kəskinləşməsinə ayrılıb. Dinc əhali arasında qurbanlara səbəb olan hərbi münaqişənin alovlanması ilə əlaqədar Rusiya prezidenti və Türkiyənin baş naziri həm ikitərəfli formatda, həm də bütün maraqlı tərəflərlə təmasda fəaliyyətlərini əlaqələndirmək barədə razılığa gəliblər», deyə məlumatda bildirilir.

APA-nın CNNTürk-ə istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında da telefon söhbəti olub. Məlumata əsasən, tərəflər hərbi əməliyyatların dayandırılması üçün birgə fəaliyyət göstərmək barədə razılıq əldə ediblər.

İsrail «Buluddan dayaq» əməliyyatı çərçivəsində Qəzza zolağına 600-dən artıq zərbə endirib. Əməliyyatın başlanmasına səbəb kimi Qəzzadakı silahlıların İsraili mütəmadi atəşə tutmaqları göstərilir. Əməliyyat nəticəsində HƏMAS hərəkatının hərbi qanadının şefi Əhməd əl-Cabari öldürülüb.

ABŞ Qəzzadakı əməliyyatı dəstəkləyib. Türkiyə isə İsraildən dərhal əməliyyata son qoymağı tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR