Qənirə Paşayeva: “Avropa Şurası məkanında olan qaçqın və məcburi köçkünlərin böyük hissəsi məhz Azərbaycan və Gürcüstandadır”

Qənirə Paşayeva: “Avropa Şurası məkanında olan qaçqın və məcburi köçkünlərin böyük hissəsi məhz Azərbaycan və Gürcüstandadır”
# 26 aprel 2012 16:41 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli - APA. Bu gün AŞ PA-nın yaz sessiyasının plenar iclasında yunan deputat Nikolas Dendiasın Şimali Qafqazda məcburi köçürülmüş şəxslərin vəziyyətinə dair hazırladığı hesabat dinlənilib və müzakirə edilib.

APA-nın Avropa bürosunun məlumatına görə, bu mövzu ilə bağlı müzakirələrdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edib.

Q.Paşayeva bildirib ki, azərbaycanlılar Şimali Qafqazdakı məcburi köçkünlərin çəkdiyi əziyyətləri, yaşadığı acıları ən yaxşı anlayan insanlardır: “Azərbaycan hər 9 vətəndaşından biri qaçqın və məcburi köçkün olan, qaçqın və məcburi köçkünlərin sayına görə Avropada və dünyada analoqu olmayan bir ölkədir. Azərbaycanın nümayəndəsi olaraq Şimali Qafqazdakı məcburi köçkün insanların hansı çətinliklər çəkdiyini bir çoxlarından daha yaxşı anlayıram. Mən məruzədə Şimalı Qafqazdakı məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasına çağıran bütün tövsiyələri dəstəkləyirəm. Amma o insanlar bizdən çox şey gözləyirlər. Sadəcə, müzakirələr aparmaq və sənədlər qəbul etməklə əsas işimizi bitmiş hesab edə bilmərik. O insanlar bizdən qəbul etdiyimiz qətnamələrin, sənədlərin həyata keçməsi üçün daha təsirli mexanizmlərə əl atmağımızı, qəbul etdiyimiz sənədlərin necə yerinə yetirilməsinə ciddi nəzarət etməyi və bu istiqamətdə tez-tez müzakirələrin açılmasını gözləyirlər. Biz bu gün Şimalı Qafqazdan danışırıq, amma Cənubi Qafqazda qaçqınlar və məcburi köçkünlərlə bağlı vəziyyət daha dəhşətli, daha faciəvidir. Bu gün Avropa Şurası məkanında olan qaçqın və məcburi köçkünlərin böyük hissəsi məhz Cənubi Qafqaz regionunda - Azərbaycanda və Gürcüstandadır. Bütün Avropadakı qaçqın və məcburi köçkünlərin 1/3 hissəsindən çoxu təkcə bir ölkədə, mənim ölkəm Azərbaycandadır. Çünki Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması və bu işğalın hələ də davam etməsi səbəbindən yüz minlərlə azərbaycanlı məcburi köçkünlər 20 ildir ki, öz evlərinə dönə bilmirlər”.

Q.Paşayeva xatırladıb ki, bir neçə gündən sonra, may ayında Azərbaycanın Şuşa şəhərinin və Laçın rayonunun Ermənistan tərəfindən işğalının 20-ci ili tamam olur: “20 ildir şuşalılar, laçınlılar və digər məcburi köçkünlər öz evlərinə qayıda bilmirlər və bu, Avropa məkanında davam edən ən böyük insan haqları pozuntusudur. Amma gəlin xatırlayaq - sonuncu dəfə bununla bağlı müzakirələri nə vaxt aparmışıq? Artıq uzun bir zaman keçib. Bununla bağlı qəbul etdiyimiz sənədlər nə qədər həyata keçirilib? Nəticə yoxdur. Bizim bu assambleyada qəbul etdiyimiz 1416 saylı qətnamədə deyilirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsinə imkan verilməlidir. Qətnamənin qəbulundan 9 il keçsə də Ermənistan bu günə qədər onu yerinə yetirməkdən imtina edir. Sizcə, artıq yüz minlərlə insanın taleyinə laqeyd qalmayıb, daha sərt addımlara əl atmaq vaxtı deyilmi? Hər il yüzlərlə insan öz evinə dönmək həsrəti ilə dünyadan köçür. Bundan böyük faciə ola bilərmi? Mən yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünlərin müraciətini sizə çatdırmaq istəyirəm. Bu insanlar assambleyamıza müraciətləri ilə “bizi unutmayın!” deyirlər. Onlar qəbul etdiyiniz 1416 saylı qətnamənin həyata keçirilməsi üçün fəaliyyətinizi, təsir və təzyiqlərinizi artırın deyir. Mən assambleyamızı Cənubi Qafqazda da məcburi köçkünlərin vəziyyəti ilə bağlı yaxın zamanlarda müzakirələr aparmağa çağırıram. Çünki harada olmasından asılı olmayaraq, biz qaçqın və məcburi köçkünlərin məsələsini daha çox diqqətdə saxlamalı və onlara öz kömək əlimizi uzatmalıyıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR