Türkiyə ilə Azərbaycan arasında özəl səhiyyə sektoru sahəsində əməkdaşlıq genişləndiriləcək

Türkiyə ilə Azərbaycan arasında özəl səhiyyə sektoru sahəsində əməkdaşlıq genişləndiriləcək
# 29 fevral 2012 13:25 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda səfərdə olan Türkiyənin nüfuzlu xəstəxanalarının rəhbərlərindən ibarət “Sağlık Turizmi İş Konseyi Yürütmə Kurulu”nun nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə məqsəd iki ölkə arasında səhiyyə turizmi və ikitərəfli əlaqələrin daha da genişləndirilməsini müzakirə etmək olub. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da iştirak edib.

O. Şirəliyev iki ölkə arasında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də mövcud olan əməkdaşlığın özəl səhiyyə sektorunda da genişləndirilməsinin tərəfdarı olduğunu bildirib. O, bu baxımdan Türkiyənin nüfuzlu özəl klinikalarından yararlanmağın tərəfdarı olduğunu deyib. O. Şirəliyev hər il azərbaycanlı mütəxəssislərdən ibarət nümayəndə heyətinin dövlət hesabına Türkiyənin nüfuzlu klinikalarında tibbin prioritet sahələri üzrə təkmilləşdirmə kurslarına göndərildiklərini və bu prosesin davam etdirildiyini söyləyib.

Qonaqlar rəhbərlik etdikləri özəl klinikalarda azərbaycanlı həkimlərlə birgə çalışmaq istədiklərini, təkmilləşmə kursları keçmək istəyən mütəxəssislərə dəstək göstərməyə hazır olduqlarını açıqlayıblar. Qonaqlar səfər çərçivəsində Azərbaycanın bir sıra tibb müəssisələri ilə tanış olmaq arzularını bildiriblər. Təklif O. Şirəliyev tərəfindən müsbət qarşılanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR