ABŞ prezidenti Barak Obama: ““Şahdəniz” qaz layihəsinin reallaşmasından müsbət dəyişiklikləri gözləyirik”

ABŞ prezidenti Barak Obama: ““Şahdəniz” qaz layihəsinin reallaşmasından müsbət dəyişiklikləri gözləyirik”
# 05 iyun 2012 16:30 (UTC +04:00)
Barak Obama Azərbaycan prezidentinə təbrik məktubu göndərib
Bakı-APA. ABŞ prezidenti Barak Obama Bakıda XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisi və konfransının açılışı münasibətilə Azərbaycan prezidentinə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, məktubda bildirilir:
“Hörmətli cənab Prezident, Bakıda XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisi və konfransının açılışı münasibətilə Sizi və Azərbaycan Respublikasının xalqını təbrik edirəm.

Ölkələrimiz arasında diplomatik münasibətlərin iyirminci ildönümünü qeyd etdiyimiz ötən il Azərbaycan üçün mühüm il oldu. Çünki həmin il ərzində ölkənizin beynəlxalq siyasi, təhlükəsizlik və iqtisadi işlərdə iştirakı artdı. Qazın satışı və tranzitinə dair Azərbaycan ilə Türkiyə arasında saziş Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasına yol açır və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması üçün zəmin yaradır. Eyni zamanda, Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilib və Əfqanıstanda sülhün və təhlükəsizliyin qurulması istiqamətində göstərilən səylərə mühüm dəstəyini davam etdirir.

Gələcəyə nəzərə salaraq, biz “Şahdəniz” qaz layihəsinin reallaşmasından müsbət dəyişiklikləri gözləyirik və Azərbaycan hökuməti, eləcə də onun tərəfdaşları ilə birgə “Şahdəniz” qazının Avropaya nəqli marşrutunu seçirik. Azərbaycan “Cənub” qaz dəhlizi vasitəsilə Avropa ilə əlaqələrini möhkəmləndirməklə, müasir şaxələndirilmiş iqtisadiyyatın inkişafını təmin etməklə, dünya miqyasında daha mühüm öhdəlikləri üzərinə götürməklə, biz artıq güclü olan tərəfdaşlığımızı irəliyə doğru aparacağıq.

Mən bu cür mühüm illik sərgi və konfransın açılışı münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyinə, eləcə də regional sabitliyə nail olmaq kimi ümumi məqsədlərimizi təşviq edəcək Birləşmiş Ştatlar ilə Azərbaycan arasında davamlı əməkdaşlığı səmimiyyətlə arzulayıram”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR