Ombudsman Aparatının Milli Preventiv Mexanizm qrupunun üzvləri Qobustan həbsxanasına başçəkmə keçirib

Ombudsman Aparatının Milli Preventiv Mexanizm qrupunun üzvləri Qobustan həbsxanasına başçəkmə keçirib
# 01 mart 2012 17:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Ombudsman Aparatının Milli Preventiv Mexanizm qrupunun üzvləri Qobustan həbsxanasına başçəkmə keçirib. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, başçəkmə iki gün davam edib. Başçəkmənin keçirilməsində məqsəd həbsxanaya əvvəlki başçəkmələr zamanı müəssisə rəhbərliyinə verilmiş tövsiyələrin icra vəziyyətini araşdırmaq, məhkumlarla rəftarın və saxlanma şəraitinin yoxlanması, həbsxanada saxlanılan şəxslərlə görüşməkdən ibarət olub.

Başçəkmə zamanı müəssisədə 60-dan çox ömürlük və müddətli həbs cəzasına məhkum edilmiş şəxs təklikdə qəbul edilib. Onlarla söhbət zamanı pis rəftara məruz qalma ilə bağlı müraciət daxil olmayıb.

Məlumatda həmçinin qeyd olunur ki, müəssisəyə əvvəlki başçəkmələrlə müqayisədə müsbət dəyişikliklər müşahidə edilib.

Ombudsman Aparatının əməkdaşları həmçinin fevralın 25-də intihar etmiş ömürlük məhkum Qədir Qurbanəli oğlu Eminovla bağlı da araşdırma aparıblar. Mərhumla birgə eyni kamerada saxlanılan ömürlük məhkumlarla, eləcədə məhkumun intihar etdiyi cərimə təcridxanasının kamerasında məhkumla söhbət aparılıb və onlar Q. Eminovun zorakılığa məruz qalmadığını qeyd ediblər. Araşdırmalar zamanı həmçinin məlum olub ki, Q. Eminov saxlandığı kamerada məhkumla dalaşdığı üçün fevralın 22-də 10 gün müddətinə cərimə təcridxanasına salınıb, orada iki gün qaldıqdan sonra isə - yəni fevralın 24-dən 25-ə keçən gecə ədyalla özünü asıb.

Eyni zamanda başçəkmə zamanı aşkar edilmiş bəzi nöqsanların aradan qaldırılması ilə bağlı Ədliyyə Nazirliyinə təkliflər göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR