Britaniya səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Britaniya səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
# 25 fevral 2016 10:45 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddık Quba rayonuna səfər edib.

APA-nın şimal bürosunun xəbərinə görə, səfir öncə Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. İ. Sıddıka ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın nəticəsi olan kütləvi məzarlığın 2007-ci il aprelin 1-də torpaq işləri aparılarkən aşkarlandığı barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir. Ermənilərin qətlə yetirdikləri ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də məzarlıqda kütləvi şəkildə basdırılıblar.

Səfir Qubaya və Memorial Kompleksə ilk dəfə baş çəkdiyini deyib: “Bu, bölgənin tarixini öyrənmək və Quba əhalisinin yaşadığı bu keşməkeşləri öyrənmək üçün gözəl imkandır. Ona görə də səfərimi Quba Soyqırımı Memorial Kompleksini ziyarətlə başladım. Kompleks açıq-aydın göstərir ki, Quba əhalisi 1918-ci ildə hansı əzabları çəkib və qeyri-humanist münasibətlə rastlaşıb”.

Səfirin fikrincə, bu kimi hadisələr bir yerdə, sülh şəraitində yaşamağın əhəmiyyətini və önəmini bir daha xatırladır.

İ. Sıddık sonra Quba rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə görüşüb. Diplomat Quba xalçaçılıq sexinə və dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbəyə də baş çəkəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR