Prezident Kitabxanasında “Türk xalqlarının kitab abidələri” adlı elektron kitabxana yaradılıb - VİDEO

Prezident Kitabxanasında “Türk xalqlarının kitab abidələri” adlı elektron kitabxana yaradılıb - <span style="color: red;">VİDEO
# 08 oktyabr 2015 08:48 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Prezident Kitabxanasının əməkdaşları türkdilli xalqların mədəni irsinin bir hissəsi olan kitab abidələrinin kitabxananın fondunda olan nüsxələrinin elektron versiyalarını hazırlayıb, bir qisminin isə elektron versiyalarını virtual məkandan toplayaraq “Türk xalqlarının kitab abidələri. Elektron kitabxana” (www.turklib.az) adlı resurs yaradıblar.

APA-nın məlumatına görə, bu gün resursun təqdimatı ilə bağlı keçirilən tədbirdə Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, layihənin həyata keçirilməsində başlıca məqsəd türk xalqlarının pərakəndə halda olan kitab abidələrini vahid portalda internet istifadəçilərinə təqdim etməkdən ibarətdir.

Elektron resursun əsas bölməsi “Ümumtürk yazılı abidələri” adlanır. Orta türk dövrünün möhtəşəm yazılı abidələrindən olan “Kül-Tegiin: Orhun-Yenisey Yazıtları VI-VIII” kitabəsi, “Bilqamış” dastanı, Yusif Balasaqunlunun “Qutadğu bilig”, Mahmud Kaşğarinin “Divani lüğət-it-türk”, Əhməd Yəsəvinin “Divani-Hikmət”, “Kitabi Dədə Qorqud”, Fəzlullah Rəşadəddinin “Oğuznamə” əsərlərinin elektron variantları bir neçə dildə bu bölmədə toplanıb. “Manas”, “Alpamış”, “Koblandı batır”, “Qırx qız”, “Ural Batır”, “Maday Kara”, “Olonxo”, “Ulıp”, “Edigey”, “Nart”, “Koroğlu” və digər türk epik dastanlarının elektron variantları layihənin ikinci bölməsində təqdim olunur.

Layihənin üçüncü bölməsində ümumtürk yazılı abidələrinin və ayrı-ayrı türk xalqlarının eposları, dastanları, əsatirləri, nağılları haqqında dünya şərqşünaslarının tədqiqat əsərlərinin, monoqrafiyalarının və ensiklopediyaların elektron variantları verilib. Məşhur alimlərdən V.V. Radlovun, S.Y. Malovun, B. A. Yetpisbayevanın, H. B. Paksoyun, M.İ. Çığın, Əbülfəz Rəcəblinin, Nizami Cəfərovun, Kamal Abdullanın, yazıçı Anarın və başqalarının tədqiqat əsərləri də bu bölmədə toplanıb.

Dördüncü bölmədə ayrı-ayrı elmi nəşrlərdən - “Türkologiya”, “Bakı Slavyan Universitetinin Elmi əsərləri”, “Türk Dünyası İncelemeleri Dergisi”, “Milli Folklor”, “Kitabxanaşünaslıq və informasiya”, “İRS Naslediye”, “Sovetskaya tyurkologiya” jurnallarından və ədəbi-bədii nəşrlərdən “Azərbaycan”, “Qobustan”, “Oğuz dünyası”, “Dədə Qorqud”, “Ulduz” jurnallarından seçmə məqalələrin mətnləri verilib.

M. Əhmədov qeyd edib ki, bu il sentyabrın 11-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində ortaq türk televiziya kanalının və ortaq xəbər agentliyinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumunun imzalanması xalqlar arasında əlaqələrin inkişafına güclü təkan verəcək. Prezident Kitabxanasının direktoru deyib ki, prezident İlham Əliyev həmin sammitdəki çıxışında Türk Akademiyasının və Türk Mədəniyyəti və İrs Fondunun yaradılmasının gələcəkdə türkdilli dövlətlər arasında müxtəlif layihələrin icrası üçün gözəl imkanlar yaradacağını vurğulayıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov da elektron resursun əhəmiyyətli olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR