Məktəbəhazırlıq qruplarında ana dili və bədii ədəbiyyat üzrə iş və Azərbaycan (rus) dilinə dair məşğələlər ləğv edilib

Məktəbəhazırlıq qruplarında ana dili və bədii ədəbiyyat üzrə iş və Azərbaycan (rus) dilinə dair məşğələlər ləğv edilib
# 13 oktyabr 2016 23:20 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Məktəbə hazırlığın təşkili Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar verib.

APA-nın məlumatına görə, Qaydaya əsasən məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir.

Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir və mülkiyyət formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində ehtiyac olduğu halda, 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil olunmalıdır. Mövcud Qaydada qeyd edilib ki, uşaqların məktəb təliminə hazırlığının effektivliyini artırmaq məqsədi ilə təlim məşğələlərində didaktik oyunların tətbiq edilməsi faydalıdır. Dəyişikliyə əsasən didaktik oyunların rolu artırılıb. Başqa sözlə, uşaqların məktəbə hazırlığının səmərəliliyini artırmaq üçün təlim məşğələlərində müxtəlif formalı inkişafyönlü didaktik oyunların tətbiqi prioritet hesab olunacaq.

İndiyə qədər Qaydada məktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında həftəlik məşğələlərin sayının 12-dən az olmaması tələbi əksini tapıb. Dəyişikliyə əsasən bu tələb dəqiqləşdirilib. Beləliklə, məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil ediləcək. Digər dəyişiklik məktəbəhazırlıq qruplarının kütləvi qruplara və azsaylı xalqların uşaqlarından ibarət qruplara bölünməsi ilə bağlıdır. Buna qədər Qaydada belə bölgü olmayıb. Müvafiq olaraq ana dili və bədii ədəbiyyat üzrə işlə əlaqədar 1 məşğələ və Azərbaycan (rus) dili ilə əlaqədar 2 məşğələ də həftəlik məşğələlər siyahısından çıxarılıb. Başqa sözlə, mövcud Qaydaya əsasən məktəbəqədər təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında həftəlik məşğələlərin siyahısında ana dili və bədii ədəbiyyat üzrə işə dair 1 məşğələ, savad təliminə hazırlıq və nitq inkişafına dair 1 məşğələ, ətraf aləmlə tanışlığı(təbiət və ictimai həyat hadisələrinə marağın tərbiyə edilməsi) dair 1 məşğələ, Azərbaycan (rus) dilinə dair 2 məşğələ, sadə riyazi təsəvvürlərin inkişafına dair 1 məşğələ, təsviri sənət və kəsib yapışdırmaya (həftəaşırı) dair 1 məşğələ, quraşdırma, gil işinə (həftəaşırı) dair 1 məşğələ, musiqiyə dair 2 məşğələ, fiziki mədəniyyətə dair 2 məşğələ yer almalı idi. Dəyişikliyə əsasən isə kütləvi qruplar üçün həftəlik məşğələlərin siyahısında ətraf aləmlə tanışlığa, bədii təfəkkürün inkişafına dair 1 məşğələ, savad təliminə hazırlıq və nitq inkişafına, məntiqi və riyazi təfəkkürün inkişafına, təsviri fəaliyyət, musiqi və fiziki mədəniyyətə dair 2 məşğələ yer alacaq. Azsaylı xalqların uşaqlarından ibarət qruplarda isə ətraf aləmlə tanışlığa dair 1 məşğələ, savad təliminə hazırlıq və nitq inkişafına dair 4 məşğələ, bədii təfəkkürün inkişafına dair 1 məşğələ, məntiqi və riyazi təfəkkürün inkişafına dair 2 məşğələ, təsviri fəaliyyətə və musiqiyə dair 1 məşğələ, fiziki mədəniyyətə dair 2 məşğələ keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR