Cəbhədə nə baş verir? - XÜSUSİ REPORTAJ

Cəbhədə nə baş verir? - <span style="color: red;">XÜSUSİ REPORTAJ
# 06 avqust 2014 13:14 (UTC +04:00)


Nə cəbhədən atəş səsləri səngiyir, nə də cəbhə haqda bəzən şişirdilmiş, bəzən əsassız, bəzən də gərəksiz məlumatlar azalır... Əslində nə baş verir? Düzdür, cəbhədə döyüş gedir. Uğur da var, itki də. Amma cəmiyyəti sarsıdacaq heç nə yoxdur. Heç bir yaşayış məntəqəsi boşaldılmayıb... Azərbaycan əsgəri Vətəni layiqincə qoruyur. Amma nədənsə bəzi qüvvələr ölkədə dəqiqləşdirilməmiş məlumatlar yaymaqla çaşqınlıq yaratmağa çalışırlar...

Cəbhə xəttinə ən yaxın yaşayış məntəqələrindən birindəyik. Gecə saat biri keçəndən sonra Ağdam istiqamətində bütün təmas xətti boyunca əvvəlcə fişənglər görünür, ardınca atəş səsləri eşidilməyə başlayır... Bir qrup jurnalist hadisələri izləyir.

Səhər saat 5-dir. Cəbhədə gərginlik davam edir. Gördüyünüz kimi televiziyaların bölgələrdə fəaliyyət göstərən əməkdaşları cəbhədə baş verən həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün reportajlar hazırlayırlar.

Atəş səsləri xeyli səngidikdən sonra kənd sakinlərindən bir neçəsi ara-sıra gözə dəyir. Həmsöhbət oluruq. Bilərəkdən verdiyimiz "İndi sakinlər hardadır" sualımıza kənd sakini Azər Mikayılov cavab verir ki, "Olmaya siz də yalan məlumatlara uymusuz?"

“Əhali qorxmur, çəkinmir. Ordumuzun gücünə inanır. Heç kim evlərini tərk etməyib. Orduya güvənərək evlərini tərk etmirlər. Saytların yalan yazması camaatda hiddət doğurur”.

Həmkarımız, “Lider TV”nin Qarabağ üzrə əməkdaşı Habil Aslanoğlu da bizimlə bir yerdədir. Deyir ki, cəbhədə vəziyyət gərginləşdiyi anlardan hadisələrin içindədir. Amma tanıdığı və tanımadığı media mənsublarının yaydığı həqiqətə uyğun olmayan informasiyalar onda təəccüb və təəssüf doğurur.

“Birincisi, hər kəs öz vicdanı qarşısında hesabat verməlidir. Mən hara getdim, nə hazırladım. Biz 24 saat buradayıq. 24 saat cəbhə xətti boyunca kimlərdir gələn, necə gəlirlər, o informasiyalar haradan toplayırlar, bizim üçün də qaranlıqdır”.

Daha bir həmkarımız, “El” Televiziya Şirkətinin əməkdaşı Daşqın Güneyli deyir ki, gərək cəmiyyətin özü yalan informasiya yayan mənbələrdən xəbər almağa nöqtə qoysun.

“Biz bölgə müxbirləri olaraq həm agentliklər, həm televiziyalar tamaşaçılara dolğun məlumatlar çatdırmaq üçün müxtəlif istiqamətlərdə fəaliyyət göstəririk. Bəzi dırnaqarası həmkarlarımızı dolğun olmayan məlumatlar yaydılar. Guya məscidə 42 şəhidin gətirilməsi, yaxud əhalinin köçürülməsi ilə bağlı. Bütün xalqımıza bunu çatdırırıq. Əlinizi ürəyinizin başına qoyun. Ordumuzla qürur duymağa dəyər”.

Səhərə yaxın ara-sıra güllə səsləri gecənin səssizliyinə qənim kəsilir. Amma oyaq olan kənd sakinləri heç nə olmamış kimi davranırlar. Həmsöhbətimiz Əli Bağırov deyir ki, son günlər cəbhə kəndləri haqda yayılan yalan informasiyalar insanların hiddətinə səbəb olub.

“Axı bu cür məlumatları yayanların məqsədi nədir? Elə yalnız məlumatlar verirlər ki, kənd əhalisi çıxıb. bu gün onlarla insan, Rusiyadan belə zəng ediblər ki, deyirlər kənd çıxıb. Biz lazımi orqanlardan xahiş edirik ki, bunlara bir nəzarət olsun”.

Artıq dan yeri sökülürdü. Amma müharibənin bütün ağırlıqları özünü olduğu kimi göstərməyə çalışırdı... Sanki, səngərdən açılan güllələr həm də yalan informasiya daşıyanlara etiraz edirdilər...

Teymur Zahidoğlu, Fəxri Məmmədov
Ağdam

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR