Təhsil bir nömrəli prioritetdir.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Prezident bildirib ki, hazırlıqlı kadrlar olmadan qarşıya qoyulan məqsədlərə nail olmaq mümkün deyil.
“Burada bir neçə amil var. Onlardan biri potensialın gücləndirilməsidir və hazırda təhsil sahəsində çox iş görülür. Bir müddətdir fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi bu istiqamətdə atılan ilk mühüm addımdır”, – dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın ucuz enerji imkanları və əlverişli coğrafi mövqeyi kimi praktiki üstünlükləri var.
“Biz Avropa ilə Asiya arasında yerləşirik. Şimal və qərb istiqamətlərinə uzanan fiber-optik xətlərimiz var. Bu ilin sonunadək Azərbaycanla Qazaxıstanı Xəzər dənizinin dibi ilə birləşdirən layihəni tamamlayacağıq”, – Prezident deyib.
Dövlət başçısı Azərbaycanın qlobal iqtisadiyyatın ümumi inkişaf tendensiyalarına uyğun hərəkət etmək istədiyini bildirib.
“Bu məqsədlə hipermiqyaslı texnologiya şirkətləri, sizin təmsil etdiyiniz qurum və dünən görüşdüyüm təşkilat kimi tərəfdaşlarla fəal işləməliyik ki, onlar Azərbaycana investisiya imkanları baxımından nəzər salsınlar”, – Prezident İlham Əliyev qeyd edib.
Prezident bildirib ki, təhlükəsizlik, əlverişli investisiya mühiti, proqnozlaşdırıla bilən vergi qaydaları və investorlara dost iqtisadiyyat bunun üçün əsas ilkin şərtlərdir.
“Bunlar kifayət qədər cəlbedici olarsa, uğur qazanacağıq. Əks halda, tərəfdaşlarımızdan Azərbaycana uzunmüddətli investor kimi gəlmələri üçün daha nələrin edilməli olduğunu bizə bildirmələrini xahiş edəcəyik”, – dövlət başçısı vurğulayıb.