“Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir”.
APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin AQEM Media Forumunun iştirakçılarına müraciətində deyilir.
Prezident İlham Əliyevin sözlərinə görə, “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr edilmiş bugünkü Forum informasiya və kommunikasiya sahəsinin etimad quruculuğunun vacib tərkib hissəsi olduğunu nümayiş etdirmək üçün əlverişli fürsətdir.
“Media artıq yalnız informasiya mübadiləsi vasitəsi kimi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm aləti kimi nəzərdən keçirilir.
Azərbaycan AQEM çərçivəsində media və kommunikasiya sahəsinin inkişaf etdirilməsinə, üzv dövlətlər ilə media sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırır. Son illər ərzində müxtəlif media qurumları arasında formalaşmış tərəfdaşlıq əlaqələri, eləcə də AQEM üzv dövlətlərindən olan media nümayəndələrinin Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq media tədbirlərində iştirakı bu istiqamətdə praktiki əməkdaşlıq üçün şərait yaratmışdır.
Hazırda dünya sürətlə dəyişən geosiyasi reallıqlar, artan təhlükəsizlik çağırışları, media sahəsində baş verən köklü transformasiyalar ilə səciyyələnən mürəkkəb bir dövr yaşayır. Fərqli maraqların və baxışların toqquşduğu rəqəmsal əsrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir”, - dövlət başçısı vurğulayıb.