“Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunun “Azərbaycan sədrliyi: Təşəbbüslər, Əməkdaşlıq, Nəticələr” panel sessiyası keçirilib.
APA xəbər verir ki, paneldə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Azərbaycanın AQEM-ə sədrliyi dövründə iqtisadi inkişaf, rəqəmsal sistemlər, nəqliyyat şəbəkələri və ekoloji dayanıqlılıq istiqamətlərində sektorlararası əməkdaşlığın inkişaf etdirilməsinin diqqət mərkəzində olduğunu qeyd edib.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib ki, sürətli dəyişikliklər fonunda medianın rolu daha da artır.
O qeyd edib ki, media yalnız düzgün və etibarlı məlumatların yayılmasına deyil, həm də məsuliyyətli yanaşmanın və ictimai dəyərlərin formalaşmasına xidmət edir.
Türkiyənin Radio və Televiziya Baş İdarəsinin (RTÜK) sədri Mehmet Danış bildirib ki, Türkiyə AQEM-in beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir.
O vurğulayıb ki, çoxtərəfli platformalara inamın azaldığı bir dövrdə AQEM kimi qurumların əhəmiyyəti artır.
BMTMM-in İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov isə çıxışında AQEM-in beynəlxalq təşkilata çevrilə biləcəyini vurğulayıb.
O qeyd edib ki, qlobal qeyri-sabitlik fonunda regional təşkilatların əhəmiyyəti artır.
Fərhad Məmmədov Azərbaycanın AQEM-ə sədrliyi dövründə təşkilatın institusional inkişafı istiqamətində mühüm təşəbbüslərin irəli sürüldüyünü deyib.
Panel müzakirələrlə davam edib.