Qubanın Zərdabi qəsəbəsində yeni subartezian quyuları istismara verilib

Qubanın Zərdabi qəsəbəsində yeni subartezian quyuları istismara verilib
# 29 oktyabr 2015 13:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Azərsu” ASC regionlarda, xüsusilə içməli sudan əziyyət çəkən kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması məqsədi ilə təxirəsalınmaz tədbirləri davam etdirir.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq növbəti layihə Quba rayonun Zərdabi qəsəbəsində icra edilib. Bu gün Zərdabi qəsəbəsində yeni subartezian quyularının istismara verilməsi ilə bağlı mərasim keçirilib.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov içməli su çatışmazlığı müşahidə olunan yaşayış məntəqələrində yeni infrastrukturların yaradıldığını bildirib və icrası başa çatmış layihələrin əhalinin sosial rifahının yaxşılaşmasına töhfələr verdiyini diqqətə çatdırıb: “Prezident İlham Əliyev hər bir yaşayış məntəqəsinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunmasını prioritet kimi müəyyənləşdirib. Kənd və qəsəbələrdə belə layihələrin həyata keçirilməsi xüsusi olaraq diqqətdə saxlanılır. Zərdabi qəsəbəsini içməli su ilə təmin edən subartezian quyuları istismara yararlı olmadığından burada yeni quyuların qazılması qərara alınıb. Qısa müddətdə işlər başa çatdırılmış və yeni subartezian quyulardan içməli suyun verilməsini təmin edilib. Gələcəkdə Quba rayonunun digər kənd və qəsəbələrində də yeni layihələrin icrası nəzərdə tutulur”.

Quba rayonunun Zərdabi qəsəbəsinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi 3900 sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Qəsəbəni içməli su ilə təmin etmək məqsədi ilə 2 ədəd yeni subartezian quyusu qazılıb. Buradan götürülən su əvvəldən mövcud olan 12 km uzunluğunda magistral kəmərlə qəsəbə sakinlərinə çatdırılır. Hazırda qəsəbə sakinləri 4,5 km uzunluğu olan paylayıcı şəbəkə vasitəsi ilə içməli su alır.

Yeri gəlmişkən, su təchizatının dayanıqlığını təmin etmək üçün yerli bələdiyyə tərəfindən hər birinin tutumu 16 kubmetr olan 2 ədəd su çəni quraşdırılıb.

Qeyd edək ki, qəsəbənin içməli su təchizatı yerli bələdiyyə tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR