Azərbaycanla ABŞ arasında ticarət və investisiyaların təşviqi, enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, kritik mineralların hasilatı və emalı, sənaye, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
"APA-Economics" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın hər iki ölkənin prezidentlərinin siyasi iradəsi və qarşılıqlı etimadı əsasında uğurla inkişaf etdiyi qeyd olunub.
Tərəflər arasında ticarət və investisiyaların təşviqi, enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, kritik mineralların hasilatı və emalı, sənaye, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Həmçinin Orta Dəhlizin və TRIPP marşrutu təşəbbüsünün beynəlxalq ticarətin inkişafı, iqtisadi inteqrasiya və regional bağlantıların gücləndirilməsində rolu vurğulanıb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində İqtisadi Dialoq mexanizminin əməkdaşlığın əsas institusional platformalarından biri olduğu bildirilib. Birgə layihələrin həyata keçirilməsinə dair yol xəritəsi ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.