Azərbaycan və İtaliya investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında yeni ikitərəfli sazişin yaxın gələcəkdə imzalanmasını hədəfləyir.
“APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliya- Azərbaycan Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan İtaliyanın enerji bazarında həm təchizatçı, həm də uzunmüddətli investor kimi iştirak edir: “Eyni zamanda müqavilə-hüquq bazasının möhkəmləndirilməsi məqsədilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında yeni ikitərəfli saziş layihəsinin yaxın gələcəkdə imzalanmasını hədəfləyirik və sizinlə birlikdə bu işi həyata keçirməyə ümidliyik”.
Nazir qeyd edib ki, enerji əməkdaşlığı ikitərəfli iş birliyində əsas istiqamət olaraq qalır: “Cənub Qaz Dəhlizi ölkələrimizin uzunmüddətli əməkdaşlığının mühüm göstəricisidir. Dəhlizin Avropa hissəsi olan Trans-Adriatik Boru Kəməri ilə nəql edilən Azərbaycan qazı İtaliya və bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Eyni zamanda Mərkəzi Asiyanın enerji resurslarının Xəzər dənizi üzərindən Avropaya çatdırılması, o cümlədən Xəzər regionunda bərpaolunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin Avropaya ixracı istiqamətində tərəfdaşlarımızla işləyirik”.