Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1 mlrd. dolları ötüb.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “Alman-Azərbaycan İxrac Maliyyə Konfransı 2025”də çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.
Onun sözlərinə görə, bu ilin yanvar–avqust aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 1 mlrd. ABŞ dollarını ötüb.
Nazir müavini bildirib ki, Almaniyandan Azərbaycana investisiya 900 mln. ABŞ dollarından çox olub. Yatırılan investisiyaların 94%-i qeyri-neft sektorunun payına düşüb. Almaniyaya yatırımları isə 600 mln. ABŞ dollarını keçib. “Bu göstəricilər Almaniyanı Azərbaycanın ilk beş ticarət tərəfdaşı sırasında saxlayır”, – deyə o vurğulayıb.
S. Bəşirli əlavə edib ki, hazırda Azərbaycanda 199 Alman şirkəti fəaliyyət göstərir və əməkdaşlıq yol xəritəsi əsasında müntəzəm biznes dialoqu, beynəlxalq tədbirlərdə birgə iştirak və bilik mübadiləsi həyata keçirilir.
Nazir müavini enerji əməkdaşlığının tərəfdaşlığın əsas istiqamətlərindən biri olduğunu qeyd edərək bildirib ki, Almaniyanın külək və günəş texnologiyaları üzrə təcrübəsi Azərbaycanın onşor və ofşor layihələrində mühüm rol oynaya bilər. “Xəzər dənizi böyük miqyaslı külək enerjisi layihələrinin reallaşdırılması üçün ciddi potensiala malikdir. 2027-ci ilə qədər ölkədə 2 QVt gücündə yeni külək və günəş stansiyaları işə salınacaq”, – deyə o əlavə edib.