Transxəzər Gömrük Tranzit Portalının fəaliyyəti ilə bağlı Çərçivə Sazişi imzalanmalıdır.
"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Həftəsi- 2024 çərçivəsində keçirilən panel müzakirəsi zamanı Dövlət Gömrük Komitəsinin Tranzit şöbəsinin inspektoru Ləman Xəlilova deyib.
O, bildirib ki, Dövlət Gömrük Komitəsi Çərçivə Sazişinin layihəsini və hazırlayıb və layihə razılaşdırılması üçün Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistana göndərilib:
"Azərbaycan gömrük xidmətinin təşəbbüsü ilə hazırlanan Transxəzər Gömrük Tranzit Portalı orta dəhliz ölkələrinin gömrük orqanları tərəfindən elektron şəkildə təqdim edilən sənəd və məlumatların öncədən emalı hesabına yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında multimodal daşınmalar üçün səmərəli nəzarətə şərait yaradan, yaşıl mühitə töhfə verən rəqəmsal qovşaq mexanizmidir. Bu portal mal və nəqliyyat vasitələrinin bir bəyannamə əsasında dəhliz boyu hərəkətinə, məlumatların elektron qaydada mübadiləsinə, əvvəlcədən təqdim edilmiş gömrük tranzit bəyannaməsinin tranzit sənədi kimi istifadəsinə imkan yaradacaq. Həmçinin portal gömrük xidmətlərinin asanlaşdırılması və səmərəliliyinin artırılması, risklərin təhlili əsasında gömrük nəzarəti formalarının tətbiqi barədə qərar qəbul edilməsi, gömrük nəzarəti nəticələrinin mübadiləsi baxımından da mühüm əhəmiyyət daşıyır".