Kamboca və Azərbaycan kommersiya əməkdaşlığı üçün böyük potensial yaradan, bir-birini tamamlayan iqtisadi xüsusiyyətlərə malikdir.
“APA-Economics” xəbər verir ki, bu barədə Kamboca Krallığının baş naziri Hun Manet Bakıda keçirilən Azərbaycan-Kamboca biznes forumunda çıxışı zamanı bildirib.
“Azərbaycan enerji, neft-kimya, bərpaolunan enerji, aqrar texnologiyalar, logistika və rəqəmsal infrastruktur sahələrində üstünlüklərə malik olduğu halda, Kamboca dinamik istehsal sektoru, inkişaf etmiş kənd təsərrüfatı, gənc və çevik işçi qüvvəsi, təmiz enerjidən istifadənin genişlənməsi və regional bazarlara əlverişli güzəştli ticarət çıxışı ilə seçilir. Bu müqayisəli üstünlükləri birləşdirməklə bizneslərimizin birlikdə inkişaf edəcəyi dinamik ekosistem yarada bilərik”, - deyə baş nazir qeyd edib.
Onun sözlərinə görə, Kamboca ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq ilkin mərhələdədir və onun inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur:
“Əsas diqqətimizi ticarət olunan məhsul və xidmətlərin çeşidinin genişləndirilməsinə, biznes subyektləri arasında birbaşa əlaqələrin təşviqinə, eləcə də investisiya və iqtisadi əməkdaşlığın yeni istiqamətlərinin araşdırılmasına yönəltməliyik.
Əminəm ki, dövlət və özəl sektorların daha fəal iştirakı ilə Kamboca və Azərbaycan iqtisadi əməkdaşlığın bütün potensialını reallaşdıra və daha dinamik, qarşılıqlı faydalı tərəfdaşlıq qura bilərlər. İnvestisiya sahəsində hər iki ölkənin biznes mühiti və imkanları barədə daha dolğun məlumatlılığın təmin edilməsinə ehtiyac var”.
Hun Manet Kamboca Azərbaycan investorları üçün əsas üstünlükləri də açıqlayıb:
"Kamboca və Azərbaycan iqtisadi əməkdaşlıqda yeni mərhələyə qədəm qoyarkən Azərbaycanlı investorlar üçün konkret üstünlükləri diqqətinizə çatdırmaq istərdim. Birincisi dinamik işçi qüvvəsidir. Kambocanın işçi qüvvəsi gənc, dinamik, tez öyrənən və texnologiyalara uyğunlaşa biləndir. Əhalinin 60%-i 35 yaşdan aşağıdır. İkinci, biznes üçün əlverişli mühit və təşviq mexanizmləridir. Kambocada biznes mühiti liberal və investorların maraqlarına yönəlib. İnvestorlara 12 ilədək vergi güzəştləri də daxil olmaqla, səxavətli və fərdi qaydada müəyyən edilən təşviqlər təqdim olunur. Xarici investorlara 100% mülkiyyət hüququ verilir, mənfəətin və kapitalın köçürülməsinə isə heç bir məhdudiyyət qoyulmur”.
Onun sözlərinə görə, Kral Hökuməti, həmçinin qaydaların sadələşdirilməsi və Kambocanın İnkişafı Şurasının (CDC) investisiya müraciətləri üzrə vahid pəncərə mexanizmi kimi rolunun gücləndirilməsi də daxil olmaqla, islahatlar həyata keçirib:
Üçüncü, hökumətin güclü dəstəyidir. İnvestorların fəaliyyətlərinin uğurla davam etməsinə böyük əhəmiyyət veririk. Bu məqsədlə CDC vasitəsilə investisiyalardan sonrakı dəstək xidmətləri göstərilir və investorların narahatlıqlarını aradan qaldırmaq üçün müntəzəm məsləhətləşmə mexanizmləri fəaliyyət göstərir. Bu mexanizmlərə Baş nazirin sədrliyi ilə keçirilən Hökumət-Özəl Sektor Forumu, eləcə də CDC ilə xarici biznes assosiasiyaları və səfirliklər arasında məsləhətləşmələr daxildir”.
O əlavə edib ki, dördüncü strateji coğrafi mövqe və bağlantılardır: “ASEAN-ın mərkəzində yerləşən Kamboca region üzrə rahat və sərfəli nəqliyyat və logistika əlaqələri təklif edir. Funan Teço kanalının tikintisi də daxil olmaqla, infrastruktur və nəqliyyat sistemlərinə yatırdığımız əhəmiyyətli investisiyalar logistika xərclərini daha da azaltmağa və biznes əməliyyatlarının səmərəliliyini artırmağa imkan verəcək. Beşinci regional və qlobal bazarlara çıxışdır. ASEAN-ın üzvü və Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq sazişinin iştirakçısı kimi Kamboca sürətlə böyüyən regional bazarlara geniş çıxış imkanları təqdim edir.Kambocanın Çin və Cənubi Koreya ilə ikitərəfli azad ticarət sazişləri, eləcə də Birləşmiş Ərəb Əmirlikləri ilə hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi bu üstünlükləri daha da artırır. Altıncısı dayanıqlı enerji və yaşıl inkişafdır. Kamboca dayanıqlı enerji inkişafına da sadiqdir. 2026-cı ilin iyul ayına olan məlumata görə, ölkədə istifadə olunan enerjinin 63%-i bərpaolunan enerji mənbələrinin payına düşüb. Məqsədimiz 2030-cu ilədək bu göstəricini 70%-ə çatdırmaq, 2050-ci ilədək isə karbon neytrallığını təmin etməkdir. Su elektrik enerjisi, günəş və külək enerjisi bu planın əsas komponentləridir”.