İşçilərin pay (səhm) iştirakı planı haqqında müqaviləyə dair tələblər müəyyənləşirr.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə kommersiya hüquqi şəxsin təsisçisinin (iştirakçısının) və ya onun verdiyi səlahiyyət əsasında işəgötürənin təşəbbüsü ilə işçiyə güzəştli şərtlərlə və ya ödənişsiz əsasla müəssisənin paylarının (səhmlərinin) verilməsi və ya gələcəkdə onları əldə etmək (almaq) hüququnun tanınması ilə bağlı məsələləri tənzimləyən ayrıca müqavilədir. Təsisçi və ya işəgötürənlə işçi arasında bağlanan işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə payların (səhmlərin) işçinin tam mülkiyyətinə keçməsi üçün aşağıdakı xüsusi şərtlərdən biri müəyyən edilə bilər:
- zamana əsaslanan şərt: tərəflər arasında müəyyən edilmiş müddət ərzində işçinin işəgötürənlə əmək münasibətlərində olması şərtilə paya (səhmə) olan hüququnun hissə-hissə və ya müddətin sonunda tam qüvvəyə minməsi;
- hədəfə əsaslanan şərt: işçinin və ya kommersiya hüquqi şəxsin fəaliyyətində müəyyən hədəflərə nail olunması şərtilə paya (səhmə) olan hüququnun qüvvəyə minməsi.
- Tərəflər işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə əmək münasibətlərinə xitam verilməsi əsaslarından asılı olaraq paya (səhmə) olan hüquqlarının əldə edilib-edilməməsi nəticələrini müəyyən edə bilərlər.
İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə işçi ilə əmək münasibətlərinə xitam verildikdə, həmin xitamın əsaslarından asılı olaraq işçinin paya (səhmə) olan hüquqlarına və ya əldə etdiyi paylara (səhmlərə) fərqli hüquqi nəticələr nəzərdə tutula bilər. İşçinin pay (səhm) iştirakı planı haqqında müqavilənin tələblərinə uyğun olaraq əldə edilən pay (səhm) əmək haqqına daxil edilmir və əmək haqqı əvəzi kimi ödənilmir.
Mülki Məcəlləyə təklif edilən dəyişikliyə görə, təsərrüfat cəmiyyəti işçilərini və idarəetmə orqanının üzvlərini həvəsləndirmək məqsədilə, onlara cəmiyyətin paylarını (səhmlərini) gələcəkdə müəyyən edilmiş qiymətə (icra qiyməti) və ya ödənişsiz əsaslarla əldə etmək (almaq) hüququ verən pay (səhm) iştirakı planı haqqında müqavilələr bağlaya bilər. Müqavilə yazılı formada bağlanır və cəmiyyətin möhürü ilə təsdiqlənir və onun notariat qaydasında təsdiqi tələb olunmur. Planın tərtibi tarixi, hüququn qüvvəyə minməsi şərtləri, icra qiyməti (payların (səhmlərin) güzəştli ödənişli əsaslarla əldə edilməsi nəzərdə tutulduğu hallarda) və müddəti müqavilədə aydın şəkildə göstərilməlidir. Cəmiyyət tərəfindən bağlanmış işçilərin pay (səhm) iştirakı planı müqavilələrinin daxili reyestri aparılmalıdır. Bu müqavilələrin icrası üçün cəmiyyət nizamnamə kapitalının tərkibində səlahiyyət verilmiş (lakin buraxılmamış) xüsusi pay (səhm) fondu yarada bilər.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, tərəflərin qarşılıqlı surətdə asılı olan şəxslər hesab edildiyi hallar istisna olmaqla, Mülki Məcəllə ilə müəyyən edilmiş gələcək iştirak payı (səhm) haqqında müqavilələr üzrə, habelə tərəflərin razılaşmasında faizlərin ödənilməsi nəzərdə tutulmayan konvertasiya edilən borclar üzrə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması və transfer qiyməti tətbiq edilməyəcək və əlavə faizlər hesablanmayacaq.
Pay (səhm) opsionu hüququnu nəzərdə tutan müqavilələr çərçivəsində işəgötürən tərəfindən işçiyə əvəzsiz və ya güzəştli şərtlərlə verilən opsiyonlar, o cümlədən iştirak payları (səhmlər), habelə həmin opsiyonların icra edilməsi (iştirak payına və ya səhmə çevrilməsi) zamanı yaranan fayda muzdlu işlə əlaqədar alınan gəlir hesab edilməyəcək.
Pay (səhm) opsionu hüququ müqaviləsi çərçivəsində əldə edilən aktivin (payın, səhmin, opsionun üçüncü şəxslərə təqdim edilməsindən yaranan gəlir də vergidən azad olunur.