İslam İnkişaf Bankı (İİB) Qrupu illik toplantıları çərçivəsində Bakıda keçirilən imza mərasimində üzv ölkələr və beynəlxalq tərəfdaşlar arasında infrastruktur, enerji, ticarət, sosial inkişaf və humanitar sahələri əhatə edən çoxsaylı sazişlər imzalanıb.
"APA-Economics" xəbər verir ki, tədbir çərçivəsində İİB prezidenti Dr. Məhəmməd Əl-Casser, İİB-nin əməliyyatlar üzrə vitse-prezidenti Dr. Rami Ahmad, eləcə də üzv ölkələrin nazirləri və beynəlxalq təşkilatların rəhbərləri müxtəlif layihələr üzrə sənədləri imzalayıblar.
Belə ki, Kot-d’İvuarla Tafiré–Ferkessédougou avtomobil yolunun yenilənməsi üzrə 218.7 milyon avro dəyərində saziş imzalanıb. Sənədi Dr. Məhəmməd Əl-Casser və Kot-d’İvuarın Planlaşdırma və İnkişaf naziri Souleymane Diarrassouba imzalayıb.
Qambiyada peşə təhsili və gənclərin məşğulluğu layihəsi üzrə ümumi 40.01 milyon ABŞ dolları dəyərində maliyyə paketi (19 milyon kredit, 20 milyon OCR, 1.01 milyon qrant) təsdiqlənib. Sənədi İİB prezidenti və maliyyə naziri Seedy K.M. Keita imzalayıb.
Mavritaniyada kənd elektrikləşdirilməsi layihəsi üzrə 69.5 milyon ABŞ dolları dəyərində saziş imzalanıb. İmzalayan tərəflər İİB prezidenti və iqtisadiyyat naziri Abdallah Cheikh Sidia olub.
Somali üzrə 2026–2028-ci illəri əhatə edən Ölkə Əməkdaşlıq Çərçivəsi 45 milyon ABŞ dolları dəyərində təsdiqlənib.
Bəhreyndə iki layihə – Salman Sənaye Şəhərinin genişləndirilməsi və Kral Faysal magistral yolunun yenilənməsi – İİB-nin OCR mexanizmi çərçivəsində həyata keçiriləcək.
Fələstində günəş elektrik stansiyası layihəsi üzrə 37 milyon ABŞ dolları dəyərində saziş imzalanıb.
İİB ilə İslam ölkələrinin podratçılar federasiyası (FOCIC), Belçikanın inkişaf agentliyi Enabel, Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) və İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı (IOFS) arasında əməkdaşlıq memorandumları imzalanıb.
Həmçinin Islamic Relief USA ilə 3R mexanizmi üzrə donor sazişi və Sudanda humanitar yardım layihəsi üzrə cəmi 7 milyon ABŞ dolları (İİB 2.5 milyon, IR USA 4.5 milyon) dəyərində əməkdaşlıq həyata keçirilib.
İslam İnvestisiya Sığortası və İxrac Kreditinin Sığortalanması Korporasiyası (ICIEC) çərçivəsində BƏƏ-də ATFP ilə 50 milyon ABŞ dolları ticarət maliyyələşməsi sazişi, Bəhreyn Milli Bankı ilə 25 milyon ABŞ dolları ticarət sığortası çərçivəsi, Türkiyədə Kınalı–Malkara avtomobil yolu üzrə 150 milyon avro risk təminatı, Uqanda–Misir SAMCO layihəsi üzrə 65 milyon ABŞ dolları sığorta dəstəyi və Çin Bank of Huzhou ilə əməkdaşlıq memorandumu imzalanıb
İslam Özəl Sektorun İnkişafı Korporasiyası (ICD) Qazaxıstanın KazAgroFinance şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb. Bundan əlavə, Afrika Həmrəylik Fondu (FSA) ilə kredit gücləndirmə mexanizmi üzrə niyyət məktubu və Böyük Britaniyanın Texel Group şirkəti ilə strateji əməkdaşlıq qurulub.
Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) çərçivəsində Burkina Faso ilə 1 milyard ABŞ dolları (5 illik) çərçivə sazişi, Özbəkistanın Invest Finans Bankı ilə 60 milyon ABŞ dolları ticarət maliyyələşməsi və Orient Finans Bankı ilə 40 milyon ABŞ dolları ticarət maliyyələşməsi imzalanıb.