Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən investisiya müsabiqəsinə çıxarılan uşaq bezi və salfet kağızı istehsalı üzrə əmlak kompleksi uğurla özəlləşdirilərək dövlət-özəl tərəfdaşlığının səmərəli modelinə çevrilib. Əlavə istehsal xətlərinin qurulması, yeni avadanlıqların cəlb edilməsi ilə investisiyanın 27 milyona manata çatdırılması planlaşdırılır. Müəssisədə hazırda 240 nəfər daimi işlə təmin olunub.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına və bu istiqamətdə tapşırıqlarına uyğun olaraq, ölkədə özəlləşdirilən müəssisələr yenidən qurulur, iqtisadi inkişafda əhəmiyyətli olan belə müəssisələrin fəaliyyəti genişlənir, yeni iş yerləri yaradılır. Bu müəssisələrdən biri də investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilən “Uşaq bezi və salfet kağızı istehsalı üzrə Əmlak kompleksi”dir.
Müqaviləyə əsasən, qalib şirkət “Fabriora” MMC üzərinə bir sıra öhdəliklər götürüb. Öhdəliklərin icra vəziyyəti ilə yerində tanış olmaq, görülən işlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədilə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə müəssisəyə mediatur təşkil olunub. Media nümayəndələrinə istehsal prosesi, məhsullar, quraşdırılan yeni avadanlıqlar və tətbiq olunan texnologiya barədə məlumat verilib. Bildirilib ki, elan edilən investisiya müsabiqəsinin qalibi üzərinə götürdüyü öhdəliklərin alqı-satqı müqaviləsində müəyyən edilmiş qaydada icrasını davam edir. Qalib şirkət İnvestisiya Proqramında nəzərdə tutulan 15 milyon manatlıq öhdəliyin böyük hissəsini yerinə yetirib. Əlavə istehsal xətlərinin qurulması, yeni avadanlıqların cəlb edilməsi ilə investisiyanın 27 milyona manata çatdırılması planlaşdırılır.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da paytaxtın Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib.
Qaradağ rayonunda 10,9 hektar ərazini əhatə edən kompleksdə əsaslı yenidənqurma işləri aparılıb. Almaniya, İtaliya və Türkiyə istehsalı olan modern texnologiyalar quraşdırılıb. Müəssisə hazırda illik 5,4 milyon paket uşaq bezi, 4,4 milyon paket tualet kağızı, 2,8 milyon paket mətbəx kağızı və 0,9 milyon paket salfet kağızı istehsal gücünə malikdir.
Müəssisədə 240 nəfər daimi işlə təmin olunub. İstehsal olunan məhsullar daxili bazarda idxalı əvəz etməklə yanaşı, Özbəkistan, Gürcüstan, Əfqanıstan və digər xarici bazarlara da ixrac edilir.