Qəbələ ilə Əbu-Dabi arasında birbaşa aviareys açılıb - FOTO

Qəbələ ilə Əbu-Dabi arasında birbaşa aviareys açılıb - FOTO
# 19 iyun 2025 14:34 (UTC +04:00)

Qəbələ Beynəlxalq Hava Limanı Birləşmiş Ərəb Əmirliklərinin ultra aşağı büdcəli milli aviadaşıyıcısı “Wizz Air Abu Dhabi”nin Əbu-Dabi–Qəbələ marşrutu üzrə ilk birbaşa reysini qarşılayıb.

APA-Economics”in xəbərinə görə, yeni marşrut Azərbaycanın şimal-qərb bölgəsini Yaxın Şərqin aparıcı aviasiya qovşaqlarından biri ilə birləşdirir və həm turizm, həm də biznes səfərləri üçün sərfəli və birbaşa səyahət imkanları yaradır.

Reyslər həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.

Bir istiqamət üzrə biletlərin qiyməti 24,99 ABŞ dollarından başlayır. Aviabiletləri artıq wizzair.com saytında və WIZZ mobil tətbiqində əldə etmək mümkündür.

İlk reysin başlanması münasibətilə “Wizz Air Abu Dhabi” bu gün bron edilmiş bütün biletlərə 20%-ə qədər xüsusi endirim təklif edir.

Azərbaycan Hava Limanlarının Əməliyyatlar üzrə Direktoru Teymur Həsənov bildirib ki, Əbu-Dabi və Qəbələ arasında birbaşa uçuşların başlanması Azərbaycanın regionlarının beynəlxalq nəqliyyat və logistika dəhlizlərinə inteqrasiyası istiqamətində strateji əhəmiyyətə malikdir: “Bu uçuş təkcə Qəbələnin qlobal aviasiya xəritəsindəki mövqeyini gücləndirmir, həm də ölkəmizin şimal-qərb regionunun turizm, investisiya və logistika potensialının artırılmasına xidmət edir. Bu marşrutu beynəlxalq hava nəqliyyatının inkişafına dair regional strategiyanın tərkib hissəsi, həmçinin Azərbaycanın Avrasiyanın mərkəzində yerləşən dinamik nəqliyyat qovşağı kimi mövqeyinin gücləndirilməsinə xidmət edən geniş miqyaslı inkişaf konsepsiyasının bir elementi kimi dəyərləndiririk”.

“Wizz Air” şirkətinin kommersiya direktoru Tamara Vallois isə bildirib ki, bu gün WIZZ-in sərfəli səyahətlər xəritəsinə Qəbələ də əlavə olunub.

“Birbaşa kommersiya reyslərinin işə düşməsi bölgədə turizmin və iqtisadi inkişafın sürətlənməsi üçün yeni imkanlar yaradır. “Wizz Air Abu Dhabi”nin sərfəli qiymətləri sayəsində Azərbaycanın şimal bölgələrinin sakinləri artıq Əbu-Dabinin rəngarəng mədəniyyəti və zəngin irsini kəşf etmək üçün sürətli və rahat imkana malikdirlər. Eyni zamanda, Əbu-Dabidən gələn sərnişinlər bu bölgənin unikal mənzərələrindən və təbiət gözəlliklərindən ilboyu yararlana biləcəklər. Birbaşa hava əlaqəsini qeyd etmək məqsədilə biz bu günə xüsusi 20%-dək endirim təklif edirik”, - deyə o vurğulayıb.

Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktorunun müavini Cavanşir Bayramov bildirib ki, Qəbələ ilə Əbu-Dabi arasında birbaşa uçuşların həyata keçirilməsi Qəbələ Beynəlxalq Hava Limanının regional gəliş nöqtəsi kimi mövqeyinin gücləndirilməsində mühüm rol oynayacaq: “Bu hadisə, eyni zamanda, Azərbaycanın şimal-qərb bölgəsinin turizm potensialına çıxış baxımından da əlamətdardır. Qonaqlar bu reysdən istifadə edərək Qəbələ, Şamaxı, İsmayıllı, Şəki, Oğuz, Qax, Zaqatala və ətraf rayonlara rahatlıqla ziyarət edə biləcəklər. Azərbaycan Turizm Bürosu olaraq biz yerli tərəfdaşlarla birlikdə bu uçuşların tanıdılması və əlaqələndirilmiş şəkildə təşviqinin aparılması istiqamətində fəal şəkildə çalışırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR