Qədim tarix, müxtəlif dad, əsl ləzzət - FOTO

Qədim tarix, müxtəlif dad, əsl ləzzət - FOTO
# 21 iyun 2024 16:23 (UTC +04:00)

Pivə bəşər tarixində ən qədim spirtli içkilərdən biri sayılır. Bu içki əsrlər boyu dəyişmiş zəngin tarixə və mədəni əhəmiyyətə malikdir. İstehsalına qədim dövrlərdən başlanan pivə haqqında ilk qeyd eramızdan əvvəl 5-ci minilliyə aiddir. Tarixi mənbələrə görə pivə Mesopotamiyada və Qədim Misirdə qidalanmanın vacib elementi olmaqla yanaşı, dini ayinlərdə və gündəlik həyatda da əsas rol oynayırdı. Qədim Misirdə pivə o qədər qiymətli idi ki, hətta əməyin ödənişi müqabilində ödəniş vasitəsi kimi pivədən istifadə edilirdi. Mesopotamiyada ilahə Nisaba pivə istehsalının hamisi hesab olunurdu. Avropa isə pivə ilə Roma İmperiyasının genişlənməsi nəticəsində tanış oldu, ildən-ilə köhnə qitədə bu içkiyə tələbat artdı.

(Mesopotamiya pivə rasionu tableti. Britaniya Muzeyi. London.
@ Osama Shukir Muhammed Amin)

Ən məşhur içki

Hazırda pivə bir çox ölkələr və regionların içki mədəniyyətinə dərin kök salıb. Pivə istehlakı ilə bağlı ənənələr və adətlər müxtəlif və unikaldır. Adambaşına illik 142 litr pivənin istehlak olunduğu Çexiyada pivə muzeyi fəaliyyət göstərir. İl ərzində adambaşına 104 litr pivənin içildiyi Almaniyada “Oktoberfest” adlanan pivə festivalına dünyanın müxtəlif ölkələrindən milyonlarla insan Bavar pivəsi dadmağa gəlir. Dünyada pivə ilə bağlı özəl günlər bununla yekunlaşmır. ABŞ-da “Milli pivə günü” qeyd edilirsə, Yaponiyada hər il “BeerFes” qeyd olunur. Bəzi ölkələrdə milli adət və ənənələrin ayrılmaz tərkib hissəsi olan pivə dünyada da ən məşhur spirtli içkilərdən biri hesab olunur. Hesablamalara görə hər il dünyada 190 milyard litr pivə istehlak edilir. Avropa ölkələri, xüsusilə Çexiya, Almaniya və Avstriya adambaşına pivə istehlakının ən yüksək olduğu ölkələrdəndir. Avropa və Şimali Amerika ənənəvi olaraq ən çox pivə istehlak edən regionlar olsa da, son illərdə Asiya və Latın Amerikasında pivənin istehlakında sürətli artım müşahidə edilir. Məhz bu səbəbdəndir ki, 2000-2020-ci illərdə qlobal pivə istehlakı 20% artıb. Araşdırmalara görə 2024-cü ildə ticarət obyektləri 19 milyard ABŞ dolları məbləğində pivə satıb, kafe və restoranlarda isə 18,2 milyard dollarlıq pivə içilib. Mütəxəssislər dükan və marketlərdə pivə satışının hər il orta hesabla 7% artacağını proqnozlaşdırır.

(Oktoberfest © FooTToo / Getty)

“Narıncı qızıl”

Azərbaycanda "Narıncı qızıl" adlandırılan pivə populyar alkoqollu içkilərdən biridir. 1868-ci ildə Göygöldə alman Forer qardaşlarının zavod inşa etməsi ilə ölkəmizdə pivənin istehsalına başlanıb. Azərbaycan bazarının inkişaf perspektivlərinin nikbin qiymətləndirilməsi, əlverişli investisiya mühiti, tələbatın çoxalması öz növbəsində ölkəmizdə pivə istehsalının artmasına rəvac verib. Ölkədə həyata keçirilən dinamik iqtisadi inkişaf xətti, həmçinin xarici investisiyaların uğurlu tətbiqi üçün yaradılmış əlverişli şərait dünyanın bir çox tanınmış şirkətlərini Azərbaycana sərmayə yatırmağa sövq edir. Dünyanın ən böyük pivə istehsalçılarından olan Carlsberg Group-un Azərbaycan bazarına marağı, yeni istehsal xətlərinin açılması, eləcə də bir sıra digər yerli istehsalçıların fəaliyyəti nəticəsində son 28 ildə ölkəmizdə pivə istehsalı 21 dəfə artırıb. 1995-ci ildə Azərbaycanda pivə istehsalı 223 min dkl idisə, 2023-cü ildə bu göstərici 5 mln. 264 min dkl, başqa sözlə 52 mln. 640 min litrə yüksəlib. Təkcə 2022-ci illə müqayisədə 2023-cü ildə ölkədə pivə istehsalı 12,4% artıb. Hesablamalara görə, ölkəmizdə adambaşına illik pivə istehlakı 6-7 litr təşkil edir. Mütəxəssislər bu rəqəmin artacağını gözləyir.

Pivə istehsalı iqtisadiyyatın lokomotivlərindən biri kimi

Pivəbişirmə sənayesi iş yerlərinin açılması və əhəmiyyətli gəlir mənbəyi olmaqla dünya iqtisadiyyatına mühüm töhfələr verir. Ən son araşdırmalara görə, bu sektorda dünya üzrə 1,7 milyon insanın məşğulluğu təmin edilir. Pivə sənayesi birbaşa məşğulluqdan əlavə, iqtisadiyyatın digər sahələri - kənd təsərrüfatı, nəqliyyat, qablaşdırma və pərakəndə satış kimi bir çox əlaqəli sektorların inkişafına rəvac verir, həmçinin bu sahələrin iqtisadi fəallığını stimullaşdırır. Pivə istehsalı və satışından tutulan vergilər dövlətlər üçün mühüm gəlir mənbəyidir. Pivə bazarı aksiz vergiləri, gəlir vergisi və digər ödənişləri təmin etməklə dövlət büdcəsinin formalaşmasına müsbət təsir göstərir. Xüsusilə zəngin pivə ənənəsi olan regionlarda pivə istehsalı sənayesi turizmin inkişafına öz töhfəsini verir. Pivə turları, festivallar və pivə zavoduna ziyarətlər yerli iqtisadiyyatı gücləndirir.

Pivəbişirmədə tendensiya və innovasiyalar

Qlobal pivə bazarında məşhur brendlər geniş çeşiddə məhsullar təklif edir. Buna baxmayaraq pivə həvəskarları daim yeni dad axtarışındadır. Artan tələbat və yenilik axtarışına görə pivə istehsalı sənayesi daim inkişaf edir. İnnovativ istehsal üsulları və yeni inqrediyentlərdən istifadə pivənin yeni sortlarının yaranması ilə nəticələnir. Son illərdə pivə istehsalçıları müxtəlif inqrediyentlər və istehsalda yeniliklər sayəsində qeyri-adi dad və ətrə malik, unikal kraft pivə çeşidləri yaradırlar. Pivə istehsalçıları istehsalın keyfiyyətini və səmərəliliyini artırmaq üçün müasir texnologiyaların tətbiqini genişləndirməkdə davam edirlər. Bura yeni filtrasiya və temperatur nəzarət sistemlərinin, avtomatlaşdırılmış doldurma proseslərinin istifadəsi daxildir. Pivə istehsalçıları ənənəvi inqrediyentlərə (səməni, mayaotu, maya və su) əlavə olaraq müxtəlif meyvələr, ədviyyatlar, həmçinin digər inqrediyentləri əlavə etməklə təcrübə aparır, unikal ləzzətə malik pivə istehsal etməyə nail olurlar. Bu isə pivə istehsalının sərhədlərini aşmağa imkan verir. Məsələn, pivə istehsalında giləmeyvə, sitrus meyvələri, qəhvə, şokolad, çili bibəri və bir çox başqa maddələr getdikcə daha çox istifadə olunur.

Alkoqolsuz pivə - yeni həyat tərzi

Alkoqollu içkiyə alternativ

İstehlakçılar təkcə dadla bağlı dəyişiklik istəmir. Son illərdə spirtsiz içkilərə üstünlük verən insanların sayı artır. Bu maraq alkoqolsuz pivə istehsalını stimullaşdırır. Ekspertlər 2024-cü ildə dünyada alkoqolsuz pivə istehlakının 7,8 milyard litrə yüksələcəyini gözləyir. 2025-ci ildə isə qlobal miqyasda alkoqolsuz pivə bazarının 3,4% genişlənəcəyi proqnozlaşdırılır. 10-dan çox yerli pivə istehsalçısının mövcud olduğu Azərbaycanda da eyni tendensiya müşahidə edilir. Tələbatın yüksək olması səbəbindən yerli pivə istehsalçıları istehlakçıların zövqünü oxşamaq, keyfiyyətli məhsul istehsal etmək üçün yarışa girib. Hələlik ölkədə müxtəlif çeşiddə pivə təqdim edən aparıcı pivə istehsalçılarından yalnız biri alkoqolsuz pivə istehsalına nail olub. Alkoqolsuz pivə adi pivədən spirtin tamamilə çıxarılması ilə istehsal olunan içkidir.

Bəs alkoqolsuz pivə necə hazırlanır? Ümumiyyətlə pivə istehsalında 4 komponentdən istifadə olunur: Arpa və ya səməni, su, maya və mayaotu (Xmel). Pivə üçün əsas xammal səmənidir (arpa maltası). Səməni arpanın xüsusi emal prosedurları ilə hazırlanır. İstehsalda istifadə olunan suyun keyfiyyəti çox önəmlidir. Mayadan fermentasiya prosesində istifadə olunur. Mayaotu (Xmel) isə pivəyə acılıq və aroma verir.

Pivə səməninin emalı, filtrasiya, qaynama, mayaotu əlavəsi, soyutma, fermentasiya və qablaşdırma proseslərindən keçməklə istehsal olunur. Əvvəlcə səməni əzilir və dənli məhsullar şəkərli suya çevrilir. Əzilmədən sonra səməni istilik altında su ilə qarışdırılır və müəyyən bir temperaturda saxlanılır. Bu proses zamanı fermentlər nişastaları şəkərə çevirir. Filtrasiya mərhələsində üyütmə zamanı əmələ gələn şəkərli maye (şirə) dənli məhsullardan ayrılır. Daha sonra şəkərli maye qaynadılır və mayaotu əlavə olunur. Bu, həm sterilizasiya məqsədilə, həm də dad və aroma üçün edilir. Sonradan qaynadılmış maye soyudulur və fermentasiya tanklarına köçürülür. Maya əlavə olunur və maye müəyyən müddət fermentasiya edilir. Hər mərhələdə məhsulun keyfiyyəti diqqətlə yoxlanılır. Fermentasiya tamamlandıqdan sonra pivə filtr edilir və şüşə, dəmir banka, PET (plastik butulka) və ya çəlləklərə doldurulur. İstehsal prosesini izləmək və idarə etmək, məhsulun keyfiyyətinin, eləcə də səmərəliliyi artırmaq üçün ən son texnologiyalardan istifadə olunur, ətraf mühitin mühafizəsi məqsədilə ekoloji dost texnologiyaların tətbiq edilir. Carlsberg Group-un son araşdırmaları nəticəsində xüsusi maya növü tam alkoqolsuz pivə istehsal etməyə imkan yaradır. Məhz bunun nəticəsində 2024-cü ildə Xırdalan 0.0 ilk yerli 0.0 alkoqollu pivəsini təqdim edib. Yerli arpadan istifadə edilməklə istehsal olunan Xırdalan 0.0 pasterizə olunmuş açıq rəngli alkoqolsuz pivədir. Tərkibində konservant yoxdur. Bu amillər cazibədar dizayna malik, keyfiyyətli mayadan hazırlanmış zəngin ətirli və nəfis dadlı lageri artıq istehlakçıların sevimli sərinləşdirici içkisinə çevirir. Üstəlik, alkoqolsuz pivəni istehlakçılar sükan arxası, həftə içi iş saatlarında, əsasən də nahar vaxtı rahatlıqla içə bildiklərindən spirtsiz pivəyə gündən-günə tələbat artır. Bu, spirtli içkilərə alternativ axtaranlar üçün yaxşı seçimdir.

Beləliklə, alkoqolsuz pivə və bütövlükdə pivə sənayesi dəyişən istehlakçı seçimlərinə uyğunlaşması və yeni texnologiyaların tətbiqi ilə pivə istehsalında inqilab edir. Bu tendensiyalar və proqnozlar göstərir ki, pivə istehsalı sənayesi yeniliklərə davam edəcək.

Pivə istehsalı prosesi haqqında daha çox öyrənmək istəyirsən? O zaman Carlsberg Azerbaijan zavoduna pulsuz ekskursiyaya yazıl və keyfiyyətli pivənin necə istehsal olunduğunu öz gözlərinlə gör. Ekskursiyalara yazılmaq üçün şirkətin elektron poçtuna və ya korporativ səhifələrinə müraciət edə bilərsiz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR