Bank Of Baku

Azərbaycan Gürcüstanın enerji sektoruna sərmayələrini artıracaq

Azərbaycan Gürcüstanın enerji sektoruna sərmayələrini artıracaq
# 27 dekabr 2008 10:45 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə - APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın enerji sektoruna yatırdığı sərmayələrin həcmini artırmaq niyyətindədir. Bunu APA-nın Gürcüstan bürosunun verdiyi açıqlamasında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bildirib.
R.Abdullayevin sözlərinə görə, şirkət Gürcüstandakı Kulevi Neft Terminalının inşasına 400 mln. ABŞ dolları sərmayə qoyub. Bu ölkə ərazisində SOCAR brendi ilə 20-dək yanacaqdoldurma məntəqəsi inşa olunaraq istifadəyə verilib. Şirkət prezidenti bu iqtisadi layihələrin sayının artırılacağını söyləyib: «Gürcüstanda yanacaq satışını 65-70%-ə çatdırmışıq. Bunu getdikcə artırmağı nəzərdə tuturuq».
R.Abdullayev Gürcüstanın qaz bazarında da fəaliyyət istiqamətlərini genişləndirdiklərini qeyd edib: «Hesab edirik ki, Gürcüstanın qaz bazarında öz yerimizi tutacağıq. Gürcüstan hökuməti ilə bu ölkənin qaz təminatını öz üzərimizə götürməklə bağlı müqavilə imzalamışıq. Ümumilikdə isə Gürcüstanın qazlaşdırma siyasətini həyata keçiririk. Bu layihə Gürcüstanda yaşayan azərbaycanlıların sosial vəziyyətinə də təsir edəcək».
Qeyd edək ki, 2007-ci ilin yekunlarına görə, «SOCAR Energy Georgia» şirkəti Gürcüstanın neft məhsullarının satışı sahəsində ən iri vergi ödəyicisi adına layiq görülüb. Hesabat ilində şirkət Gürcüstanın dövlət büdcəsinə 60 mln. dollar həcmində vəsait ödəyib. Bununla yanaşı, şirkət Kulevi terminalının yenidən qurulması layihəsinin icrasını da həyata keçirib.
Ümumilikdə 2008-ci ildə «SOCAR Energy Georgia» Gürcüstan ərazisində 350 min ton həcmində neft məhsulları satmaq niyyətindədir ki, bu da 2007-ci ilə nisbətən 75% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR