Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti ilə «Total» arasında «Abşeron» bloku üzrə saziş imzalanıb

Azərbaycan Dövlət Neft Şirkəti ilə «Total» arasında «Abşeron» bloku üzrə saziş imzalanıb
# 27 fevral 2009 10:24 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, sazişi Azərbaycan tərəfindən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, «Total E&P Absheron B.V.» tərəfindən isə şirkətin vitse-prezidenti İv Lui Darekarer imzalayıblar. Sazişə əsasən, ARDNŞ-in Ortaq Neft Şirkəti layihədə 40%, «Total» şirkəti isə 60% iştirak payına malikdir. Kəşfiyyat dövründə ARDNŞ-in Ortaq Neft Şirkətinin payına düşən bütün xərc və məsrəflərin maliyyələşdirilməsi podratçı tərəflərin üzərinə düşür. Həmin tərəflər saziş qüvvəyə mindikdən işlənmə proqramı təsdiqlənənə qədər ARDNŞ-in Ortaq Neft Şirkətinin payının maliyyələşdirilməsini öz üzərinə götürür.
Tədbirdə çıxış edən R.Abdullayev ölkənin neft tarixindən məlumat verib və qeyd edib ki, Azərbaycan iqtisadi inkişafın sürətinə görə dünyada qabaqcıl yeri tutur.
R.Abdullayevin sözlərinə görə, hazırda Azərbaycanda 46 quru və 25 dəniz neft-qaz yatağı mövcuddur ki, bunlardan 54-ü istismar olunur: «Yataqların işlənməsində xarici sərmayələrin əhəmiyyətli rolu olub». ARDNŞ prezidenti onu da bildirib ki, ötən dövr ərzində Azərbaycanda neft-qaz sahəsində 27 saziş imzalanıb ki, hazırda bunlardan 13-ü üzrə iş aparılır (9 quruda, 4 dənizdə): «Nəticədə, Azərbaycana 30 mlrd. ABŞ dolları həcmində sərmayə yatırılıb. Hazırda biz 20 ölkənin 30 şirkəti ilə əməkdaşlıq edirik ki, bunların sırasına ABŞ, Rusiya, Çin, Kanada, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna və digər ölkələr daxildir».
R.Abdullayev onu da bildirib ki, hazırda Azərbaycanda 85% neft, 70% qaz layihələri konsorsiumların payına düşür.
«Abşeron» layihəsindən daışan ARDNŞ prezidenti bildirib ki, dünyada karbohidrogenlərə maraq artdığı üçün tərəflər yeni saziş imzalamaq qərarına gəlib: «Üç il ərzində «Abşeron» layihəsinin podratçısı olan «Total» şirkəti 1 quyu qazmalı olacaq. Qazılmadığı halda növbəti 3 il ərzində iki quyu qazılmalıdır».
Tədbirdə çıxış edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliev qeyd edib ki, yaxın on illər ərzində Azərbaycanın neft-qaz sektoru dünyada mühüm rol oynayacaq: «Xəzər regionu Avropa üçün mühüm rol oynayır və bu uzun illər davam edəcək. «Abşeron» layihəsi onu göstərir ki, Azərbaycanın zəngin neft-qaz yataqları mövcuddur».
«Abşeron» strukturunda qazma işlərinin çətin aparılmasından danışan N.Əliyev bildirib ki, burada kəşfiyyat işləri uğurla başa çatdırılacağı istisna olunmur və nəticədə, «Abşeron» yatağa çevriləcək.
Tədbirdə çıxış edən İ.L.Darekarer bildirib ki, «Total» şirkəti Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir və bu dövr ərzində şirkət Azərbaycana öz töhvəsini verib: «Biz Xəzərdə digər kəşfiyyat işlərini də aparmışıq. «Şahdəniz» yatağında tərəfdaşlığımızı buna misal olaraq gətirmək olar». «Total»ın vitse-prezidenti onu da bildirib ki, «Abşeron» strukturu bir qədər riskli olsa da, şirkətin mürəkkəb işlərin öhdəsindən gəlməyə resursları var: «Ümid edirəm ki, «Abşeron» layihəsi çərçivəsində aparılan işlər uğurlu olacaq».
Qeyd edək ki, «Abşeron» bloku Xəzər dənizində, Bakıdan 100 km aralıda, dənizin təxminən 500 metr dərinliyində yerləşir.


Xatırladaq ki, 2008-ci ilin iyun ayının əvvəlində ARDNŞ ilə «Total E&P Activities Petrolieres» şirkəti arasında «Xəzər dənizinin Azərbaycan sektorunda «Abşeron» dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın Pay Bölgüsü haqqında Sazişin əsas kommersiya prinsipləri və müddəaları haqqında Saziş» imzalanıb. Tərəflər 2007-ci ilin fevralında imzalanmış memoranduma əsasən, bu perspektiv strukturda aparılan birgə işlərin ilk mərhələsinin uğurla başa çatdığını bəyan edib və yeni mərhələdə daha səmərəli fəaliyyət göstərmək əzmində olduqlarını bildirib.
Qeyd edək ki, «Abşeron» dəniz blokunun işlənilməsi layihəsi vaxtı ilə xitam verilmiş layihələrdəndir. Belə ki, 1997-ci ilin avqust ayında ABŞ-ın «Chevron», Fransanın «Total» şirkətləri və ARDNŞ arasında bu layihə üzrə Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Saziş həmin ilin dekabr ayında qüvvəyə minib. Layihədə «Chevron»un iştirak payı 30%, «Total»in - 20%, ARDNŞ payı isə 50% olub. Layihə çərçivəsində ilk quyu qazıldıqdan sonra xarici şirkətlər blokun kommersiya cəhətdən sərfəli olmadığını bildirərək, ikinci quyunu qazmaqdan imtina edib və Azərbaycan tərəfinə kompensasiya ödəyib. Bununla da 2005-ci ildə bu qaz kontraktına xitam verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR