Bank Of Baku

«Total» şirkəti «Abşeron» layihəsindəki payının bir hissəsini digər Fransa şirkətinə satacaq

«Total» şirkəti «Abşeron» layihəsindəki payının bir hissəsini digər Fransa şirkətinə satacaq
# 27 fevral 2009 12:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Fransanın «Total» şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Abşeron» dəniz blokunun işlənməsi layihəsində iştirak payının bir hissəsini satmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu «Total» şirkətinin vitse-prezidenti İv Lui Darekarer bildirib.
Şirkətin vitse-prezidentinin sözlərinə görə, bu gün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), «Total» və ARDNŞ-ın Ortaq Neft Şirkəti arasında imzalanan «Abşeron» dəniz yatağı blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə əsasən, «Total» 60%, ARDNŞ isə 40% iştirak payına malikdir: «Biz öz iştirak payımızın bir hissəsini satmaq niyyətindəyik ki, müqaviləyə əsasən, buna ixtiyarımız var. İştirak payını digər bir Fransa şirkətinə satmaq fikrindəyik. Hazırda bu şirkətin adını çəkmək istəmirəm, lakin düşünürəm ki, artıq bu şirkətin adı hamıya məlumdur».
İ.L.Darekarer həmçinin qeyd edib ki, layihə çərçivəsində bir quyunun qazılmasına 100 mln. ABŞ doları məbləğində vəsait tələb olunacaq: «Apardığımız kəşfiyyat işləri uğurla başa çatdırılarsa, layihə 2 hissəyə bölünəcək – kəşfiyyat və işləmə fazalarına».
Xatırladaq ki, «Total»ın «Abşeron» dəniz blokunun işlənməsi layihəsində iştirak payının bir hissəsini Fransanın «Gaz de France» şirkətinə satacağı istisna olunmur.
Qeyd edək ki, «Abşeron» bloku Xəzər dənizində, Bakıdan 100 km aralıda, dənizin təxminən 500 metr dərinliyində yerləşir.
Xatırladaq ki, 2008-ci ilin iyun ayının əvvəlində ARDNŞ ilə «Total E&P Activities Petrolieres» şirkəti arasında «Xəzər dənizinin Azərbaycan sektorunda «Abşeron» dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın Pay Bölgüsü haqqında Sazişin əsas kommersiya prinsipləri və müddəaları haqqında Saziş» imzalanıb. Tərəflər 2007-ci ilin fevralında imzalanmış memoranduma əsasən, bu perspektiv strukturda aparılan birgə işlərin ilk mərhələsinin uğurla başa çatdığını bəyan edib və yeni mərhələdə daha səmərəli fəaliyyət göstərmək əzmində olduqlarını bildirib.
Qeyd edək ki, «Abşeron» dəniz blokunun işlənilməsi layihəsi vaxtı ilə xitam verilmiş layihələrdəndir. Belə ki, 1997-ci ilin avqust ayında ABŞ-ın «Chevron», Fransanın «Total» şirkətləri və ARDNŞ arasında bu layihə üzrə Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Saziş həmin ilin dekabr ayında qüvvəyə minib. Layihədə «Chevron»un iştirak payı 30%, «Total»in - 20%, ARDNŞ payı isə 50% olub. Layihə çərçivəsində ilk quyu qazıldıqdan sonra xarici şirkətlər blokun kommersiya cəhətdən sərfəli olmadığını bildirərək, ikinci quyunu qazmaqdan imtina edib və Azərbaycan tərəfinə kompensasiya ödəyib. Bununla da 2005-ci ildə bu qaz kontraktına xitam verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR