«Neft bazarının sabitləşməsinə dair işlərə hazırda müstəqil neft istehsalçılarını cəlb etmək vacibdir. İlk növbədə bu, Qazaxıstan, Azərbaycan, Norveç və Braziliyaya aiddir», - İ.Seçin belə hesab edir.
Qeyd edək ki, martın 15-də keçirilmiş iclasda OPEC neft hasilatı üzrə kvotaları azaltmayıb, halbuki analitiklər qiymətlərin artırılması üçün bu addımın atılacağını proqnozlaşdırırdı. Eyni zamanda, OPEC neft hasilatının azaldılmasına dair əvvəlki qərarlarına qəti və dəqiq əməl edilməsi barədə qərar qəbul edib. İclasda ilk növbədə Səudiyyə Ərəbistanı, Venesuela və Qətər artıq qəbul edilmiş qərarlara qəti riayət edilməsinin zəruriliyi vurğulayıb. Lakin OPEC-in bir sıra üzvü hasilatın yenidən azaldılmasının vaxibliyini bəyan edib, çünki bu, qiymətlərin düşməsi və tələbatın azalması fonunda neft ehtiyatlarının artmasının qarşısını almağa imkan yaradacaq.
Qeyd edək ki, sonuncu dəfə OPEC neft hasilatının azaldılmasına dair qərarı ötən ilin dekabrın 17-də qəbul edib və bu qərara əsasən, gündəlik hasilat 2 mln. barel azaldılıb. Səudiyyə Ərəbistanı, İran, BƏƏ, Küveyt, Venesuela, Nigeriya, Anqola, Liviya, Əlcəzair, Qətər və Ekvador kimi ölkələri birləşdirən OPEC-in payına dünya neft hasilatının 40%-i düşür. Cari ilin əvvəlindən dünya bazarlarında neftin qiyməti yekun nəticələr üzrə dəyişməz qalıb:
Eyni zamanda qeyd etmək lazımdır ki, bu müddət ərzində neftin qiyməti çox dəyişkən olub, lakin yekun göstəricilər dəyişməyib. Martın 15-də OPEC-in hasilatın azaldılmaması barədə qərarından dərhal sonra neftin qiyməti düşməyə başlayıb. Belə ki, bu gün Bakı vaxtı ilə saat 10:00 vəziyyətinə, Asiya bazarlarında neft 1,76 dollar və ya 3,8% ucuzlaşıb.