Bank Of Baku

Türkiyə ilə Azərbaycan arasında danışıqların ləngiməsi Xəzər qazının ixracının artırılmasını gecikdirə bilər

Türkiyə ilə Azərbaycan arasında danışıqların ləngiməsi Xəzər qazının ixracının artırılmasını gecikdirə bilər
# 17 mart 2009 11:24 (UTC +04:00)
Bakı. Elmin İbrahimov – APA-Economics. Türkiyə ilə Azərbaycan arasında təbii qazın Avropaya tranziti ilə bağlı aparılan müzakirələrdə hələ də yekun nəticənin əldə edilməməsi «Şahdəniz» yatağının işlənməsi layihəsinin II fazası çərçivəsində qaz hasilatı və onun dünya bazarına ixracı qrafikində gecikmələrə səbəb ola bilər. Bu barədə «APA-Economics» BNE portalının analitiklərinin fikirləri əsasında məlumat verir.
Belə ki, Türkiyə «Şahdəniz» yatağının II mərhələsində hasil olunacaq qazın nəqli üzrə tranzit ölkə kimi deyil, treyder qismində çıxış etmək arzusunda olsa da, Azərbaycan bu təkliflə razılaşmır. Eyni zamanda, Türkiyə tranzit qazının 15%-ni özünə götürməkdə istəyir ki, bu da konsorsium üzvləri üçün məqbul hesab olunmur. Analitiklərin fikrincə, bu məsələ «Nabucco» qaz boru kəmərinin işə düşməsi üzrə hazırkı yekun qrafiki 2014-cü ildən sonrakı dövrə gecikdirə bilər. «Nabucco» konsorsiumunun baş direktoru Reinhard Mitşek bildirib ki, layihənin tərəfdaşları «Şahdəniz» yatağının II fazası üzrə qaz hasilatına 2014-cü ildən əvvəl başlanacağını gözləyir.
Bu arada isə, Rusiyanın «Qazprom» ASC-nin direktor müavini Aleksandr Medvedev «Vesti TV»yə müsahibəsində şirkətin «Nabucco» layihəsində iştirakla bağlı dəvət aldığını, lakin bu təklifi rədd etdiyini bildirib. A.Medvedev qeyd edib ki, şirkət eyni zamanda iki nəhəng layihədə iştirak etmək fikrində deyil: «Nabucco»dan fərqli olaraq, «Cənub Axını» üçün hər şey hazırdır. İki dovşan qovsan, heç birin tuta bilməzsən, ona görə də biz birini tutmaq qərarına gəldik».
«APA-Economics»in «Euractiv» saytına istinadən verdiyi məlumata görə, dünən Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin görüşündə «Nabucco» kəməri Aİ-nin iqtisadiyyatın stimullaşdırılması planı çərçivəsində maliyyələşdiriləcək prioritet layihələrin siyahısından çıxarılıb. Bu qərar Almaniya kansleri Anqela Merkelin rəsmi Berlinin az marağı olan layihəyə ictimai vəsaitin sərf edilməsinin mümkünsüzlüyü ilə bağlı müraciətindən sonra bəyan edilib. Çexiyanın baş naziri Aleksandr Vondra bunu təsdiq edərək bildirib ki, nazirlər bu məsələdə razılığa gələ bilməyiblər: «Ancaq bir qrup ölkə «Nabucco»nun bu siyahıda qalmasına tərəfdardır və paketə martın 19-20-də Aİ Sammiti öncəsi yenidən baxılmasını istəyir».
Avropa Komissiyasından isə bildirilib ki, «Nabucco» layihsəinin reallaşmasına vəsaitin ayrılması nəzərdə tutulur və layihə hələ də gündəmdədir.
Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Layihə çərçivəsində ilk qazın artıq 2013-cü ildə Avropaya çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR